LƏNKƏRANDA YAP LƏNKƏRAN ŞƏHƏR TƏŞKİLATININ VIII KONFRANSI KEÇİRİLDİ
Mayın 13-də YAP Lənkəran şəhər təşkilatının VIII konfransı keçirildi.
Konfransdan əvvəl tədbir iştirakçıları Heydər Əliyev Xatirə parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, abidənin önünə gül dəstələri qoydular.
Heydər Əliyev Mərkəzində keçirilən konfransı YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov açaraq gündəlikdə bir məsələnin – YAP-ın V qurultayına nümayəndələrin seçilməsi məsələsinin müzakirə ediləcəyini konfrans iştirakçılarının diqqətinə çatdırdı.
Gündəlik təsdiq olundu.
YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov məruzə etdi. Natiq məruzəsində YAP Lənkəran şəhər təşkilatının üzvlərinin hazırda 10 min 111 nəfər təşkil etdiyini, partiya üzvlərinin ümumrayon tədbirlərində fəal iştirakını diqqətə çatdırdı, bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərinə hazırlıq məsələlərindən, partiya üzvləri arasında aparılan iş bölgüsündən və s. məsələlərdən danışdı, prezident seçkilərində üzvlərin yekdilliklə dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəyini əminliklə söylədi.
YAP-ın İdarə Heyətinin üzvü Kərim Kərimov çıxışında Ulu Öndər Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın 90 illik yubileylərinin respublikamızda təntənə ilə qeyd edilməsindən, 1980-1983-cü illərdə Bakı Kondisioner İstehsalat Birliyində işlədiyi müddətdə Akademik Zərifə Əliyevanın rəhbərliyi altında zavodda Göz Xəstəlikləri İnstitutunun fəaliyyət göstərməsindən, Zərifə xanımla və Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrindən ətraflı bəhs etdi.
Kərim Kərimov hazırda YAP-ın üzvlərinin 600 mini ötüb keçməsindən, partiya fəallarının ölkəmizin ictimai-siyasi həyatında oynadığı mühüm rolundan, regionların sosial-iqtisadi inkişafının sürətlə davam etməsindən, bölgələrimizin gündən-günə dəyişməsindən, bunun Lənkəranın timsalında aydın görünməsindən, Lənkəranda Dövlət Bayrağı Meydanının və yenidən qurulmuş Heydər Əliyev Xatirə parkının respublikada analoqu olmamasından, müqayisəyə gəlməməsindən ürək dolusu danışdı, YAP Lənkəran şəhər təşkilatının üzvlərinin sayına görə öncül yerlərdən birini tutduğunu diqqətə çatdırdı, partiya fəallarına ağsaqqal məsləhət və tövsiyələrini verdi, onların qarşıdan gələn prezident seçkilərində üçüncü dəfə İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərinə əminliyini ifadə etdi.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxışında bildirdi ki, qazanılan qələbələrimizin rəhni Ulu Öndərimiz Heydər Əliyevin ideyalarında, siyasi kursunda, Ümummilli Liderin yaratdığı Yeni Azərbaycan Partiyasındadır. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında hazırda yeni qurulan, çiçəklənən Azərbaycan intibah dövrünü yaşayır. YAP güclü partiyadır. Bizim bir məqsədimiz var – siyasi mübarizədə qalib gəlmək üçün növbəti prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəkləməli və müdafiə etməliyik.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında 11 il ərzində 2 rayona rəhbərlik etdiyi illərdə Ulu Öndərlə bağlı xatirələrindən danışdı, onun tapşırıq və tövsiyələrinin həyatında mühüm rol oynadığını xüsusi vurğuladı, bu gün ölkəmizdə cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dünya dövlətləri arasında söz sahibi olmasından, ölkə vətəndaşlarının sosial rifahının gündən-günə yaxşılaşmasından, bu yeniləşmənin, müasirləşmənin əhalinin ürəyincə olmasından, YAP üzvlərinin arasında monolit birliyin olmasından, partiya üzvlərinin boy sırasının sürətlə artmasından söhbət açdı, Lənkəran rayon təşkilatının respublikanın ən aparıcı təşkilatlarından biri olacağını əminliklə qeyd etdi.
Sonda YAP-ın V qurultayına 11 nəfərdən ibarət nümayəndə heyəti seçildi.
Konfransın işində YAP Mərkəzi Aparatının məsul işçisi Mirkamal Seyidov iştirak edirdi.