KAMAL KƏLƏNTƏRLİNİN 90 İLLİK YUBİLEYİ TƏNTƏNƏ İLƏ QEYD EDİLDİ
İyulun 19-da Lənkəran rayon Ağsaqqallar Şurasının sədri Kamal Kələntərlinin 90 illik yubileyi təntənə ilə qeyd edildi.
“Qafqaz Sahil” istirahət və turizm mərkəzinin səfalı guşəsində keçirilən yubiley tədbirində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra başçısının müavinləri, rayonumuzun hüquq-mühafizə orqanlarının və bir sıra aparıcı təşkilatların rəhbərləri, qonaqlar, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Lənkəran ŞİH aparatında ictimai-siyasi şöbənin müdiri Əlimərdan Əliyev Kamal Kələntərlinin keçdiyi şərəfli ömür yolu haqqında çıxış etdi, yubilyarın rayonumuzun ictimai-siyasi həyatında səmərəli fəaliyyəti barədə məlumat verdi.
Sonra təbrik üçün söz İcra başçısı Taleh Qaraşova verildi. Kamal Kələntərlinin Ümummilli Lider Heydər Əliyevin ideyalarını, möhtərəm Prezident cənab İlham Əliyevin siyasi kursuna sadiqliyini xüsusi vurğulayan ŞİH-nin rəsmisi müdrik el ağsaqqalının yüksək mənəvi keyfiyyətlərə, dəyişməz xarakterə malik nadir insanlardan biri olduğunu söylədi. Sadiqlik və sədaqətlilik Kamal müəllimin ən yüksək keyfiyyətlərindəndir deyən Taleh Qaraşov bu günkü və gələcək nəsillərin həmişə onunla fəxr edəcəyini vurğuladı və sonda yubilyara ən səmimi və xoş arzularını çatdırdı.
Sonda Taleh Qaraşov Kamal Kələntərliyə ŞİH-nin fəxri fərmanını və pul mükafatını təqdim etdi.
Sonra Bakıdan, Gürcüstandan təşrif buyuran qonaqlar və ayrı-ayrı yerli ziyalılar – Sabunçu Rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini, tibb elmləri üzrə fəlsəfə doktoru Əliməmməd Bağırlı, tibb elmləri doktoru, professor Nuqzar Camaloviç,Prezident təqaüdçüsü, şair-tədqiqatçı Mirhaşım Talışlı, Lənkəran rayon Qadınlar Şurasının sədri Elduzə Əhmədova, rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, Lənkəran MRX-nın həkimi Etibar Məmmədov çıxış edərək yubilyarı təbrik etdilər, ona möhkəm can sağlığı və uzun ömür arzuladılar.
Sonda Kamal Kələntərli onun yubileyini yüksək səviyyədə təşkil etdiyinə görə İcra başçısı Taleh Qaraşova dərin minnətdarlığını bildirdi.
Dəniz sahilində, mənzərəli bir guşədə, ziyafət stolu arxasında keçən tədbirdə rayonumuzun incəsənət ustalarından Mətanət Babayevanın, Qabil Nəcəfovun, İmanverdi Ağayevin, İlqar Əliyevin, Qoşqar Məmmədlinin və başqalarının ifasında səslənən şux melodiyalar və oynaq mahnılar tədbir iştirakçılarına xoş ovqat bəxş etdi.