23 avqust Lənkəran hadisələrinin ildönümü münasibətilə anım tədbiri keçirilib
Lənkəranda 1993-cü ilin avqustunda baş verən hadisələrin ildönümü münasibətilə anım tədbiri keçirilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısının birinci müavini Mikayıl Cəfərzadə, Milli Qəhrəmanların ailə üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Lənkəran hadisələri zamanı separatçı qüvvələrə qarşı mübarizədə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanlar — Sultanağa Bayramov, Paşa Təhməzov və Etibar Əliyevin xatirəsinə ucaldılmış abidələrin önünə gül dəstələri qoyulub.
Lənkəran ŞİH başçısının birinci müavini Mikayıl Cəfərzadə 23 avqust hadisələrinin Azərbaycanın müstəqilliyinin qorunması tarixində mühüm rol oynadığı vurğulayıb. Qeyd edilib ki, həmin günlərdə xalqımız dövlətçiliyimizin sarsılmazlığını nümayiş etdirib, milli birliyin gücü sayəsində ölkənin cənub bölgəsində baş qaldıran separatçı qüvvələrin qarşısı qətiyyətlə alınıb. Mikayıl Cəfərzadə bildirib ki, qəhrəmanlarımızın igidliyi və fədakarlığı bu gün də gənc nəsil üçün örnəkdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun rəhbərliyi ilə onların əziz xatirəsinin hər zaman ehtiramla yad edildiyini, vətənpərvərlik ənənələrinin gələcək nəsillərə ötürülməsi üçün ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulamışdır. Tədbir zamanı Milli Qəhramanlar Əsgər Əliyev və Rövşən Abdullayevin də abidələri ziyarət olunub.
Anım tədbirində iştirak edən Milli Qəhrəmanların ailə üzvləri onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə ediblər və buna görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.





