LƏNKƏRANDA 9 MAY QƏLƏBƏ GÜNÜ TƏNTƏNƏ İLƏ QEYD EDİLDİ
Mayın 9-da Lənkəran şəhərində alman faşizmi üzərində qələbənin 68-ci ildönümü təntənə ilə qeyd edildi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra Aparatının rəsmiləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə Naməlum Əsgərin abidəsi önünə gül dəstələri qoydular.
Sonra əsaslı sürətdə yenidən qurulan iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önündə ümumrayon tədbiri keçirildi.
Tədbir zamanı İcra başçısı Taleh Qaraşov müharibə veteranları ilə səmimi görüşdü, onları bayram münasibətilə təbrik etdi, hal-əhval tutdu və qəhrəmanın abidəsi önünə gül qoydu.
Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Hərbi marşın sədaları altında keçirilən tədbir hamıya xoş ovqat bəxş etdi.
Sonra Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov və digər rəsmilər Həzi Aslanovun ata ocağı Gərmətük qəsəbəsinə gəldilər, qəsəbədə yenidən qurulmuş Böyük Vətən mühаribəsi abidə kompleksini, rəşadətli sərkərdənin büstünü ziyarət etdilər, önünə gül dəstələri qoydular.
Məktəblilər qəhrəmanlıq, ana, vətən mövzusunda şeirlər söylədilər.
Daha sonra İcra başçısı qonaqlarla birlikdə Həzi Aslanovun şəhərimizdəki ev-muzeyinə baş çəkdilər, qəhrəmanın həyat və döyüş yolunu əks etdirən ekspozisiyalarla tanış oldular.
Bayram şənliyi şəhərimizdəki Veteranlar klubunda ziyafət stolu arxasında davam etdirildi.
İcra başçısı Taleh Qaraşov bayram sevincini veteranlarla bölüşərək Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra veteranlara göstərilən yüksək dövlət qayğısından danışdı, hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsindən söz açdı, tədbir iştirakçılarına, onların timsalında bütün lənkəranlı müharibə veteranlarına ən xoş arzularını çatdırdı.
Rayon Veteranlar Şurasının sədri Musarza Əzimov, rayon Ağsaqqallar Şurasının sədri, Respublika Ağsaqqallar Şurasının üzvü Kamal Kələntərli və başqaları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova dərin minnətdarlıqlarını bildirdilər.
Sonda İcra başçısı veteranlarla birlikdə xatirə şəkli çəkdirdi.