LƏNKƏRANDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBİLEYİ BÖYÜK TƏNTƏNƏ İLƏ QEYD EDİLDİ
Azərbaycan tarixinin bütöv bir mərhələsi XX əsrin böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin adı xalqın simvoluna, əməlləri isə hünər rəmzinə çevrilmişdir, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur.
XX əsrin 60-cı illərinin sonlarından başlayaraq 35 ilədək bir müddətdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin fəaliyyətində həmişə xalqın milli özünüdərkinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişi mühüm yer tutmuşdur. Bu illərdə xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində böyük dirçəlişə nail olan, ölkə iqtisadiyyatının sürətli inkişaf strategiyasını gerçəkləşdirən Ulu Öndər Azərbaycanı tarixin sərt sınaqlarından inamla çıxarmışdır.
1993-cü ildə Azərbaycanın müasir milli inkişaf siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev 1993-2003-cü illərdə möhkəm iradəsi, uzaqgörən və qətiyyətli siyasəti, dövlət idarəçilik istedadı sayəsində respublikamızın suverenliyini qoruyub saxlaya bildi, dövlət quruculuğunun hüquqi əsasları, demokratik idarəçilik mexanizmləri və bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu, cəmiyyət həyatının bütün sahələrində köklü islahatlar həyata keçirildi. Bu dahi şəxsiyyətin uğurlu daxili və xarici siyasəti nəticəsində dövlətimiz bütün sahələr üzrə möhkəmləndirildi, ölkəmiz beynəlxalq münasibətlərin tamhüquqlu subyektinə çevrildi. Azərbaycanın müstəqilliyinin dönməzliyi təmin edildi, gələcək inkişafının beynəlxalq təminatı yaradıldı və maddi resursları təmin olundu. Ölkəmizin iqtisadi qüdrətinin artması əhalinin sosial rifahının yüksəldilməsi, sosial müdafiə sisteminin təkmilləşdirilməsi üçün əsaslı zəmin yaratdı.
Mayın 7-də Lənkəran şəhərində Ümummilli Liderin 90-cı ildönümü böyük təntənə ilə qeyd edildi. Aprel ayının ikinci yarısından başlanan tədbirlər silsiləsi Ulu Öndərin abidəsinin ümumxalq ziyarəti ilə yekunlaşdı.
Həmin gün şəhərin əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Xatirə parkında böyük qələbəlik var idi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, pedaqoji kollektivlər, minlərlə lənkəranlı dünya şöhrətli Azərbaycanlı, böyük dövlət xadimi, Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevə tükənməz ehtiramını bildirmək üçün onun möhtəşəm abidəsi önünə gəldilər.
İcra başçısı Taleh Qaraşov Ulu Öndərin abidəsi önünə əklil qoyandan sonra abidənin ümumxalq ziyarəti başlandı.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov digər rəsmilərlə birlikdə Heydər Əliyev Xatirə parkında düzənlənən “Gül bayramı”nda iştirak etdi, rayonun uşaq bağçaları kollektivlərinin güllərdən hazırladıqları rəngarəng dövlət atributlarına, fiqurlara, yubilyarla bağlı şəkillərə, pannolara, tablolara baxdı, fidanların ifasında şeirləri dinlədi, şəhər uşaq rəssamlıq məktəbi şagirdlərinin əlamətdar yubileyə həsr etdikləri rəsm əsərlərini seyr etdi, kitab sərgisi ilə tanış oldu.
Ümumxalq ziyarəti musiqinin həzin sədaları altında keçdi.