LƏNKƏRANDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ “SABİTLİKDƏN SOSİAL RİFAHA” ADLI KİTABIN TƏQDİMATI KEÇİRİLDİ
Mayın 3-də Heydər Əliyev Mərkəzində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr etdiyi “Sabitlikdən sosial rifaha” kitabının təqdimat mərasimi keçirildi.
Rayon ziyalılarının, yazıçı ədiblərin toplaşdığı təqdimat mərasimini Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açaraq iştirakçıları salamladı, tədbirin məqsədi ilə bağlı məlumat verərək qeyd etdi ki, bu gün respublikamızın bütün bölgələrində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə bir sıra tədbirlər keçirilir. Dövlətin müxtəlif sferalarında təmsil olunan Heydər Əliyev siyasətinin vurğunları Dahi Öndərə olan məhəbbət və rəğbətlərini müxtəlif formada izhar edirlər. İcra başçısı qeyd etdi ki, Milli Məclisin Sosial-siyasət komitəsinin sədri, Millət vəkili Hadi Rəcəbli də öz növbəsində ərsəyə gətirdiyi “Sabitlikdən sosial rifaha” adlı kitabı ilə bir daha özünün Heydər Əliyev siyasi kursuna sadiqliyini, Ulu öndərin ideyalarının təbliğatçısı olduğunu nümayiş etdirmiş və onu bir siyasətçi kimi yetişdirən ali qüvvəyə minnətdarlığını ifadə etmişdir.
Lənkəran Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Rakif İbadov kitab haqqında hazırladığı geniş tədqiqat məruzəsini oxudu. Məruzəçi çıxışında bildirdi ki, bu gün bütün dünya tərəfindən fenomen şəxsiyyət kimi qiymətləndirilən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ilə bağlı cildlərlə əsərlər yazılmasına baxmayaraq Milli Məclisin Sosial siyasət komitəsinin sədri, professor H.Rəcəblinin qələmə aldığı “Sabitlikdən sosial rifaha” adlı kitabı özünəməxsus elmi-publisistik yaradıcılığı ilə seçilir. Kitabla yaxından tanış olarkən məlum olur ki, Heydər Əliyev dövlətçilik məktəbinin məzunu sayılan müəllif qələmə aldığı əsərində dahi öndərin fəlsəfəsinə yol tapa bilmiş, onun dərin zəkasından layiqincə bəhrələnmişdir. R.İbadov qeyd etdi ki, kitab təsadüfən “Sabitlikdən sosial rifaha” adlandırılmamışdır. Belə ki, xalqın fəlakətdə, ölkənin böhranda, vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya olduğu, xaosun, siyasi hakimiyyətsizliyin höküm sürdüyü, xalqın səfalətdə olduğu bir vaxtda Azərbaycanın idarəçilik sükanı arxasına keçən Heydər Əliyevin dərin və doğru düşünülmüş uzaqgörən siyasəti nəticəsində firavan həyat quruculuğuna nail olunmuş, qısa müddətdə respublikada intibah dövrü yaşanmış, dövlətimiz istər bölgədə, istərsə də bütün dünyada yenilməz güc və təsirli söz sahibinə çevrilmişdir.
Sonra məruzə ətrafında çıxışlar dinlənildi. Çıxışlarda Mədəniyyət işçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri Elduzə Əhmədova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ağamir Cavad, Lənkəran Dövlət Universitetinin tələbə gənclər təşkilatının sədri Uğur Qurbanzadə cəmiyyətin bütün sferalarında çalışan insanlar – tarixçilər, tədqiqatçılar, siyasətçilər, həmçinin müəllim və tələbələr üçün də maraqlı mənbə ola biləcək kitabda toplanan məlumatların dəqiq və elmi faktlarla əsaslandırıldığını, hadisələrin bir başa iştirakçının qələmindən yazılmasının əsərə daha da dəyər qazandırdığını qeyd etdilər.
Mərasimdə kitabın müəllifi H.Rəcəbli çıxış edərək ona göstərilən yüksək diqqətə və tədbirin təşkilatçılığına görə ŞİH-nin başçısı Taleh Qaraşova minnətdarlığını bildirdi.
Tədbiri yekunlaşdıran İcra başçısı bir daha müəllifə fəaliyyətində uğurlar arzuladı, hamı üçün dəyərli mənbə olan kitabın mətbuatda layiqincə təbliğ olunması və rayon sakinləri arasında geniş yayılması üçün aidiyyatı qurumlara tapşırıq veriləcəyini, ehtiyac olduğu təqdirdə kitabın yenidən çap etdirilərək sayının artırılmasına yardım olunacağını bildirdi.