ÜMUMMİLLİ LİDERİN 90 İLLİK YUBİLEYİ ƏRƏFƏSİNDƏ LƏNKƏRANIN DAHA İKİ KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ
Mayın 3-də Lənkəran rayonunun daha iki kəndinə təbii qaz verildi. Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Kosalar və Şağlakücə kəndlərinin sakinləri 20 illik fasilədən sonra yenidən təbii qazın sevincini yaşadılar.
Kosalar kəndində 232 mənzilə fərdi qaz tənzimləyici və mexaniki sayğac, 38 ədəd müxtəlif diametrli siyirtmələr quraşdırılmış, 11 min 906 metr qaz kəməri çəkilmişdir.
Şağlakücə kəndində 735 mənzilə fərdi qaz tənzimləyici və mexaniki sayğac, 85 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılmış, 20 min metrə yaxın qaz xətti çəkilmişdir.
Bu münasibətlə hər iki kənddə təntənəli açılış mərasimi düzənləndi.
Kosalar və Şağlakücə kəndlərində keçirilən mərasimləri Lənkəran ŞİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri Habil Məmmədov və Yədulla Yədullayev açaraq bu əlamətdar hadisə münasibətilə əhalini təbrik etdilər.
Kosalar kənd sakinlərindən Barat Yunusov, Fərrux Hüseynov və Sədail Ağayev, Şağlakücə kənd sakinlərindən Mahmud Məmmədov, Nizami Abbasov və Sədaqət Qurbanov çıxış edərək Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində hər iki kəndin təbii qazla təmin edilməsinin bütün kənd sakinlərinə ən yaxşı töhfə olduğunu bildirdilər, ölkə Prezidenti cənab İlham Əliyevə, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.
“Azəriqaz” İstehsalat Birliyi əsaslı tikinti şöbəsinin rəis müavini Natiq Ələsgərov əhalini təbrik etdi.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli əhalini təbrik edərək onlara ən səmimi və xoş arzularını çatdırdı.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov hər iki kəndin sakinlərini təbrik etdi, Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə bunun əhaliyə ən böyük bayram hədiyyəsi olduğunu bildirdi.
İcra başçısı təbii qazın həmişə evlərə istilik, hərarət gətirməsini, mavi yanacaqdan yalnız toy-düyündə, xeyir işlərdə istifadə edilməsini arzuladı.
Sonda Taleh Qaraşov və Hadi Rəcəbli rəmzi məşəli alovlandırdılar.
Tədbirdən sonra İcra başçısı qonaqlarla birlikdə Kosalar kəndində İlqar Nəsirovun və Şağlakücə kəndində Məsumə Ağayevanın yaşadıqları mənzillərdə “mavi alov”un açılışında iştirak etdilər, çay süfrəsinə qonaq oldular.