LƏNKƏRANDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN GƏNCLİYİ “ MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub regional bölməsi Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə Heydər Əliyev İdarəçilik Universitetində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirmişdir.
Tədbirdə rayonun fəal gəncləri, dini icmaların üzvləri və s. iştirak etmişlər.
İlk əvvəl Ulu Öndərin ictimai fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur.
Dəyirmi masanı giriş sözü ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub bölgəsində nümayəndəsi Qağayı Məmmədov açaraq, Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövrlərində gənclərin potensialını həmişə yüksək qiymətləndirdiyini, Azərbaycan gənclərinə həmişə güvəndiyini və onlara böyük etimad göstərdiyini bir daha diqqətə çatdırmış, bu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Dəyirmi masada tarixçi Aqil Rəhimovun “Heydər Əliyev və təhsil siyasəti”, Ləj kənd məscidi dini icmasının üzvü, AMEA-nın dissertantı, axund Samid Quliyevin, Təfəkkür Universitetinin tələbəsi Aygün Əliyevanın “Heydər Əliyev və gənclərimiz”, Şağlakücə kənd ərazi icra nümayəndəliyinin məsul işçisi Məmməd Muradovun “Heydər Əliyev və müasir Azərbaycan gəncliyinin inkişafı”, Lənkəran Dövlət Universitetinin tələbəsi Uğur Qurbanzadənin “Heydər Əliyev və dövlət gənclər siyasəti” adlı çıxışları dinlənilmişdir.
Tədbiri Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli yekunlaşdıraraq, Ulu Öndərin dövlət gənclər siyasətindən danışmış, hazırda bu sahədə qazanılan uğurlardan bəhs etmiş, gənclərin qarşısına duran mühüm vəzifələri diqqətə çatdırmışdır.