LƏNKƏRANDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ NÖVBƏTİ TƏDBİR KEÇİRİLDİ : “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN REGİONLARININ İNKİŞAFI”
Aprelin 30-da İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı” mövzusunda konfrans keçirilmişdir.Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndələri və sahibkarlar iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Ümummilli Liderimiz Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoymuşlar.
Sonra öz işinə başlayan konfransda müasir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bu gün ölkəmizin qazandığı hər bir uğurun təməlində Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, Azərbaycanın hərtərəfli inkişafına və tərəqqisinə hesablanmış inkişaf strategiyasının dayandığını vurğulamışdır. Qeyd edilmişdir ki, Ulu Öndərin siyasi təcrübəsi, biliyi, cəsarəti və xalqımızın müdrikliyi nəticəsində qısa müddətdə ölkəmiz çətin sınaqlardan keçərək dinamik inkişaf yoluna qədəm qoymuşdur.
İcra başçısı qeyd etmişdir ki, 1969-1982-ci illər Lənkəranın qızıl dövrü adlandırılır. Həmin dövrdə Lənkərandan keçmiş İttifaqın mindən çox şəhərinə sənaye və kənd təsərrüfatı məhsulları göndərilirdi. Lənkəran “Ümumittifaq bostanı” adlanırdı. Ulu Öndər Lənkərana 6 dəfə səfər etmişdir. Bu səfərlərin hər biri rayonumuzun həyatında çox böyük iz qoymuş, yeni-yeni obyektlərin açılışları ilə yadda qalmışdır. Həmin dövrdə Lənkəranda sənaye, mədəniyyət, məişət müəssisələri, mikrorayon, hava limanı, Xanbulançay dəryaçası... tikilib istifadəyə verilmişdir. Ümummilli Liderin ideyaları, siyasi kursu bu gün də uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan günbəgün inkişaf edir, regionlar sosial-iqtisadi cəhətdən çiçəklənir, böyüyür, yenilənir.
Taleh Qaraşov həmçinin cənab Prezidentin keçən il Lənkəranın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə əlaqədar imzaladığı 4 Sərəncamdan irəli gələn vəzifələrin icrasından, şəhərimizdə, rayonun qəsəbə və kəndlərində aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərindən danışdı, Heydər Əliyev ideyalarının təntənəsinin Azərbaycanın, eyni zamanda, Lənkəranın xoşbəxt gələcəyini təmin edəcəyini xüsusi vurğuladı.
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişafı istiqamətində gördüyü işlər barədə geniş məlumat vermişdir. Qeyd edilmişdir ki, Ümummilli Liderin xalqın təkid, tələb və xahişi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitlik bərqərar olmuş, iqtisadi tənəzzülün qarşısı alınmış, irimiqyaslı iqtisadi islahatlara başlanılmışdır. 1994-cü ildə dünyanın aparıcı transmilli neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalanmış və bununla da ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyulmuşdur. Ulu Öndərin rəhbərliyi ilə, planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün digər sahələrdə də genişmiqyaslı islahatlar həyata keçirilmişdir. Görülən genişmiqyaslı işlərin nəticəsində 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə artmış, inflyasiyanın səviyyəsi 2-3 faizə qədər endirilmişdir.
Qazanılmış nailiyyətlər sonrakı illərdə də ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı üçün möhkəm zəmin yaratmışdır. Bu gün Heydər Əliyev siyasi xəttinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi inkişafı davamlı xarakter almış, Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkəyə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşa, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısına, beynəlxalq tədbirlər məkanına çevrilmişdir.
Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov “Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı”, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı”, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov “Heydər Əliyev və Azərbaycanda insan kapitalının inkişafı”, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Rofət Hüseynəliyev “Heydər Əliyevin iqtisadi inkişaf strategiyası” mövzusunda məruzələrlə, o cümlədən Masallı rayonundan sahibkar Fəxrəddin Baxışov çıxış etmişlər. Çıxış edənlər Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın tərəqqisi, beynəlxalq aləmdə nüfuzunun artması, milli iqtisadiyyatın və sahibkarlığın inkişafı istiqamətində qazanılmış tarixi nailiyyətlər barədə geniş məlumat vermişlər.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.