Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV FONDU LƏNKƏRANDA NÖVBƏTİ XEYRİYYƏ AKSİYASI KEÇİRDİ

30 aprel 2013 | 15:00

Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə aprelin 25-dən mayın 2-dək Cənub bölgəsində növbəti xeyriyyə aksiyası keçirilir. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş bu aksiya çərçivəsində Lənkəran rayonunda ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi altında Mərkəzi Neftçilər Xəstəxanasının həkim heyəti tərəfindən bir sıra açıq ürək əməliyyatları icra olunacaqdır.
Aprelin 26-dan etibarən Lənkəran Müalicə-Diqanostika Mərkəzində “Uşaq həftəsi” xeyriyyə aksiyası çərçivəsində anadangəlmə ürək qüsurundan əziyyət çəkən 6 körpə əməliyyat olunacaq və O.Mirzəyev adına Lənkəran Qarışıq Tipli Uşaq Evində olan bütün uşaqların ürək müayinələri təşkil ediləcəkdir.
Aprelin 27-də Lənkəran Müalicə-Diaqnostika Mərkəzində Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi” adlı VII regional elmi-praktiki konfransı fəaliyyətə başladı.
Əvvəlcə konfrans iştirakçıları Heydər Əliyev Mərkəzinə gələrək Ulu Öndərin büstünü ziyarət etdilər, büstün önünə gül dəstələri qoydular.
Lənkəran Müalicə-Diaqnostika Mərkəzinin konfrans  zalında keçirilən tədbiri Mərkəzin baş həkimi Malik Məmmədov açaraq konfransın gündəliyi ilə iştirakçıları tanış edərək qeyd etdi ki, bu gün ikinci açıq ürək əməliyyatı keçiriləcəkdir. Regionlarda ilk dəfə əməliyyat 2006-cı ilin dekabr ayında respublikada məhz Lənkəran Müalicə-Diaqnostika Mərkəzində reallaşdı.
Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli konfrans iştirakçılarını İcra başçısı Taleh Qaraşovun adından salamladı və konfransın işinə uğurlar arzuladı. İcra rəsmisi Ulu Öndərimizin ölkə səhiyyəsinin inkişafı sahəsində həyata keçirdiyi islahatlardan, hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsindən danışdı, bugünkü konfransın Ulu Öndərin 90 illik yubileyi münasibətilə həyata keçirilən silsilə tədbirlərin tərkib hissəsi olduğunu diqqətə çatdırdı.
Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Həbib Yüzbaşıyev respublikanın regionlarında ilk açıq ürək əməliyyatının  7 il bundan əvvəl Lənkəranda keçirildiyini, indiyədək müxtəlif regionlarda 500-dək belə əməliyyatların keçirildiyini,1000-dən artıq müayinələrin aparıldığını bildirdi.
Sonra Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, tibb elmləri üzrə fəlsəfə doktoru, həmyerlimiz Rəşad Mahmudov “Sianotik anadangəlmə ürək qüsurları” mövzusunda məruzə etdi.
Məruzədən sonra Rəşad Mahmudovun rəhbərliyi altında 5 yaşlı qız uşağında açıq ürək əməliyyatı canlı yayında izahlı şəkildə yerli həkimlərə tədris edildi.
Daha sonra tibb elmləri üzrə fəlsəfə doktoru Seymur Musayev “Asianotik anadangəlmə ürək qüsurları” mövzusunda məruzə etdi.
Sonda iştirakçılar xüsusi sertifikatlarla təltif olundular.
Aksiya çərçivəsində həmçinin Mərkəzi Neftçilər Xəstəxanasının 25 nəfərdən ibarət həkim və mütəxəssis heyəti xeyriyyə aksiyası müddətində 200-ə yaxın xəstənin müayinə və müalicəsini təşkil edəcəkdir.
Növbəti aksiya aprelin 29-da Astara Rayon Mərkəzi Xəstəxanasında keçiriləcəkdir.

Keçidlər