LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISININ RVO KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü aprelin 25-də Rvo kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra aparıcı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının Rvo inzibati ərazi dairəsi üzrə nümayəndəsi Oruc Şərbətov çıxışında bildirdi ki, nümayəndəlik üç kəndi – Rvo, Mollakənd və Əşlə kəndlərini əhatə edir. Ümumi ərazisi 439,9 hektardır. Vətəndaşların istifadəsində 187 hektar həyətyanı, 245 hektar payıbəlli torpaq sahəsi vardır. Ərazidə 413 təsərrüfatda 1596 nəfər əhali yaşayır. Onlardan 783 nəfəri kişi, 813 nəfəri qadındır. Əhalinin 19 faizi ziyalılardır, qalan sakinlərin əsas məşğuliyyəti maldarlıq-əkinçilikdir.
Nümayəndəliyin əhatə etdiyi ərazidə 360 yerlik Rvo kənd tam orta məktəbi, bir kitabxana, bir Rvo kənd yaradıcılıq klubu, üç qrupluq Rvo kənd uşaq bağçası, Rvo həkim məntəqəsi, 512 nömrə tutumlu elektron tipli ATS, poçt şöbəsi, “Murad” şadlıq sarayı və ictimai-iaşə obyektləri fəaliyyət göstərir.
Ərazidə bir seçki məntəqəsi vardır. Səsvermə hüququna malik seçicilərin sayı 1089 nəfərdir. Ərazidə bir şəhid ailəsi, iki Qarabağ müharibəsi əlili, beş Əfqanıstan müharibəsi iştirakçısı, iki nəfər Çernobl əlili yaşayır. Bu ailələrə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı və yerli nümayəndəlik tərəfindən həmişə diqqət və qayğı göstərilir.
Rvo bələdiyyəsinin sədri Kamal Hüseynov inzibati ərazi dairəsində aparılmış abadlıq quruculuq işləri barədə məlumat verdi.
Sonra Rvo kənd tam orta məktəbinin müəllimlərindən Sevda Vəliyeva, Arif Məmmədov, Tehran Həsənov, Mollakənd kənd sakini Adil Məmmədov və pensiyaçı, rayon Ağsaqqallar Şurasının üzvü Balaxan Əmirov çıxış edərək Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında olan xidmətlərindən, hazırda cənab Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsindən, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ölkəmizdə muğam sənətinin, incəsənətin və s. inkişafı naminə xidmətlərindən, Lənkəranda aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərinə görə İcra başçısı Taleh Qaraşovun həyata keçirdiyi tədbirlərdən danışdılar, qarşıdan gələn Prezident seçkilərində ərazidə yaşayan sakinlərin fəal iştirak edərək dövlət başçımız İlham Əliyevə yekdilliklə səs verəcəyindən ətraflı söhbət açdılar.
Ayrı-ayrı kənd sakinləri şəxsi xahiş və problemləri ilə İcra başçısına müraciət etdilər.
Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov çıxışında bugünkü səyyar qəbul-görüşün onda xoş təəssürat oyatdığını söylədi, Azərbaycanın hazırda beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrildiyini qeyd etdi, cənab Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına böyük önəm verdiyini xüsusi vurğuladı.
V.Bağırov bu cür səyyar qəbul-görüşlərin cənab Prezidentin tapşırığı ilə həyata keçirildiyini bildirdi. Məhz bu görüş zamanı şəhid anasının qaldırdığı təklifə İcra başçısı Taleh Qaraşovun dərhal münasibət bildirərək şəhidin qəbirüstünün təmiri üçün müvafiq qurumların rəhbərlərinə operativ tapşırıqlar verməsi belə səyyar qəbul-görüşlərin böyük əhəmiyyət kəsb etdiyini sübuta yetirir.
Administrasiya rəsmisi çıxışında həmçinin Lənkəranda aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərinə yüksək qiymət verdi. PA-nın rəhbərliyinə bu ərazidə yaşayan sakinlərin yekdil fikrini – cənab Prezidentin siyasətini hamılıqla dəstəklədiklərini və bu ilki Prezident seçkilərində möhtərəm İlham Əliyevə səs verəcəklərini çatdıracağını əminliklə söylədi, hamını cənab Prezidentin və İcra başçısının ətrafında sıx birləşməyə çağırdı.
Səyyar qəbul-görüşü yekunlaşdıran Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov rayonumuzda əldə edilən nailiyyətlərin cənab Prezidentin Lənkərana göstərdiyi diqqət və qayğının nəticəsi kimi qiymətləndirdi.
1993-cü il avqustun 23-də Ulu Öndər Heydər Əliyevin çağırışına səs verərək Azərbaycanın parçalanmasının qarşısının alınmasında fədakarlıq nümayiş etdirən lənkəranlıların birliyindən, vətənpərvərliyindən söz açan İcra başçısı qazanılan uğurların kökündə məhz millətimizin, xalqımızın birliyinin dayandığını diqqətə çatdırdı. O, əlavə etdi ki, Azərbaycan hamımızın bölünməz Vətənidir. Bu monolit birliyi heç bir qüvvə ayıra bilməz.
Taleh Qaraşov qeyd etdi ki, ölkə Prezidenti daim Azərbaycanı qarış-qarış gəzir, vətəndaşların gün-güzəranının, yaşayışının daha da yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görür, sərəncamlar və fərmanlar imzalayır, iri həcmli layihələr həyata keçirir. Dövlətimizin büdcəsi sosial yönümlüdür. Hər bir Azərbaycan vətəndaşı cənab Prezidentin attığı bu addımları dəstəkləyir, ürəkdən bəyənir.
İcra başçısı rayonumuzun dinamik inkişafının bundan sonra da davam edəcəyini, Lənkəranın daha da çiçəklənəcəyini əminliklə söylədi, hamını dövlət başçımızın ətrafında sıx birləşməyə çağırdı.
Taleh Qaraşov sonda bu günkü səyyar qəbul-görüş zamanı qaldırılan təkliflərin daim diqqətdə saxlanılacağını və qısa zaman kəsiyində yerinə yetiriləcəyini bildirdi.