MƏTBUAT İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD EDİLDİ
22 iyul Milli Mətbuat günü respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da təntənə ilə qeyd edildi.
Həmin gün ilk öncə tədbir iştirakçıları Heydər Əliyev Xatirə Parkına gələrək Ulu Öndərin abidəsini ziyatər etdilər, abidənin önünə tər qərənfillər düzdülər.
Daha sonra Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Lənkəranda fəaliyyət göstərən mətbuat işçilərinin nümayəndələrini qəbul etdi.
İcra Hakimiyyətinin konfrans zalında keçirilən qəbulu giriş sözü ilə açan Taleh Qaraşov əsası 22 iyul 1875-ci il tarixdə görkəmli maarifpərvər ziyalı Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin keçdiyi şərəfli yol haqqında danışdı, milli mətbuatımızın 137 illik tarixinə qısa ekskurs etdi, Ümummilli Lider Heydər Əliyevin kütləvi informasiya vasitələrinə verdiyi qiymətdən, jurnalistlərə göstərdiyi diqqət və qayğıdan söhbət açdı, hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin KİV nümayəndələrinə göstərdiyi dövlət qayğısından danışdı, mətbuat işçilərinin ictimai-siyasi həyatımızda mühüm rol oynadığını xüsusi vurğuladı.
Daha sonra “Aşkarlıq” qəzetinin baş redaktoru Etibar Əhədov, “Lənkəran” qəzetinin baş redaktoru İltifat Əhmədov, “Olaylar” informasiya agentliyinin cənub bölgəsi üzrə müxbiri Hafiz Mirzə, “Respublika” qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, “Ayna-Zerkalo”qəzetlərinin bölgə müxbiri Xaqani İbadov və ekoloq-jurnalist Bəxtiyar Hüseynov çıxış edərək müasir medianın tələblərindən irəli gələn vəzifələrdən danışdılar, arzu, təklif və rəylərini söylədilər, bu günkü qəbula görə İcra başçısına minnətdarlıqlarını bildirdilər.
Sonda Taleh Qaraşov qəbulda iştirak edənlərin hər birinə ŞİH-nin fəxri fərmanlarını və pul mükafatını təqdim etdi.