Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISI YANINDA BİRİNCİ RÜBÜN YEKUNLARI MÜZAKİRƏ EDİLDİ

24 aprel 2013 | 15:00

Aprelin 23-də Heydər Əliyev Mərkəzində  Lənkəran ŞİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi.
Şura iclasında “2013-cü ilin 3 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr” müzakirə edildi.
İclası giriş sözü ilə açan İcra başçısı Taleh Qaraşov bildirdi ki, 2013-cü ilin birinci rübündə ölkəmizin sosial-iqtisadi inkişafı uğurla davam etmiş, nəzərdə tutulmuş bütün proqram  və layihələrin təqvim planına uyğun icrası təmin edilmişdir. Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sahədə həyata keçirilmiş siyasət nəticəsində cari ilin 3 ayında makroiqtisadi vəziyyət sabit olmuş, ölkə üzrə ümumdaxili məhsul 3,1 faiz, qeyri-neft sektoru 11,4 faiz artmış, kənd təsərrüfatında 4,0 faiz artım olmuşdur. Ölkədə böyük tikinti layihələri icra olunmuş, çoxlu sayda istehsal və sosial obyektlər istifadəyə verilmiş, yeni iş yerləri açılmışdır. İlin əvvəlindən 30 min yeni iş yeri açılmışdır. Hökumətin fəaliyyətində həmişə olduğu kimi, sosial siyasət yenə öndə olmuş, nəticədə əhalinin yaşayış səviyyəsi xeyli yüksəlmiş, pul gəlirləri 6,0 faiz artmış, inflyasiya 1,2 faiz olmuşdur.
İcra başçısı ölkəmizdə birinci rübdə əldə edilmiş nailiyyətlərin xalqla dövlətin vəhdətinin bariz nümunəsi olduğunu, beynəlxalq qurumların Azərbaycanda gedən dinamik inkişafa yüksək qiymət verdiyini, iqtisadiyyatımızın dayanıqlığının təmin edildiyini, Azərbaycanın beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrildiyini, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun cənab Prezident İlham Əliyev tərəfindən cəsarətlə, dönmədən, islahatlar yolu ilə həyata keçirildiyini xüsusi vurğuladı.
Taleh Qaraşov sonra  bu uğurların əsasən 3 faktor – cənab Prezidentin praqmatik kursu,  hakimiyyət komandasının fədakar fəaliyyəti və ən vacib – xalqın dövlət başçımızın siyasətini daim dəstəkləməsi nəticəsində qazanıldığını diqqətə çatdırdı.
İcra başçısı möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində Lənkəran rayonunun  sürətli inkişafından, 2013-cü ilin rayonumuzun həyatında uğurlu il olacağından, yeni proqram və layihələrin həyata keçiriləcəyindən və s. məsələlərdən əminliklə bəhs etdi.
Sonra gündəlikdə duran məsələ barədə ŞİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimovun məruzəsi dinlənildi.
Məruzəçi bildirdi ki, 2013-cü ilin birinci rübündə rayonumuzda da sosial-iqtisadi inkişaf artan templə davam etmişdir. Rayonda bu müddətdə  ümumi məhsul buraxılışı 29,6 faiz artmış və 53,7 milyon manat  təşkil etmişdir. Sənayedə 4,2 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 2,2 faiz çox məhsul istehsal olunmuşdur. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi  0,2 faiz artmış və ümumi həcmdə onun xüsusi çəkisi 58,8 faiz təşkil etmişdir.
2013-cü ilin birinci rübündə sənayedə işləyənlərin orta aylıq əmək haqqı 6,5 faiz artaraq 213 manata çatmışdır.
Cari ilin birinci rübündə  rayonda cəmi 645 yeni iş yeri açılmışdır ki, onlardan 529-u  daimi iş yerləridir.
İ.Rəhimov daha sonra sənaye müəssisələrində, nəqliyyatda, Lənkəran Regional Poçt Filialında, Lənkəran Telekommunikasiya Qovşağında birinci rübdə görülən işlər barədə məlumat verdi.
Natiq həmçinin, cari ilin birinci rübündə aqrar sahədə görülmüş işlərdən, sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şəraitdən bəhs etdi. Novruz bayramı ərəfəsində rayonda yeyinti məhsullarının satış yarmarkasının keçirilməsindən, əhaliyə göstərilən ticarət xidmətindən, əmək pensiyalarının, sosial müavinətlərin, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımlarının vaxtında verilməsinin ŞİH-nin daim diqqət mərkəzində olmasından, tənha, ahıl və ya əlil vətəndaşlara, həmçinin rayonda məskunlaşmış müvəqqəti köçkün ailələrinə  göstərilən qayğıdan ətraflı söhbət açdı.
Məruzəçi əhalinin normal elektrik enerjisi və təbii qazla təchiz olunması, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması, digər kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsi sahəsində həyata keçirilən tədbirlər haqqında məlumat verdi.
Natiq həmçinin, Gənclər Mərkəzində aparılan son tamamlama işlərindən, avtomobil yollarında həyata keçirilən cari təmirdən, şəhərin müxtəlif küçələrində yerinə yetirilən asfaltlaşma işlərindən, cari ilin birinci rübündə rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində görülən tədbirlərdən, rayonda Dövlət Gənclər Siyasətinin həyata keçirilməsi və idmanın inkişafı sahəsində həyata keçirilən ardıcıl işlərdən, ŞİH başçısı yanında keçirilən Şura iclaslarında müzakirə olunan məsələlərdən, İcra hakimiyyətində vətəndaşların yazılı müraciətinə baxılması məsələlərindən söz açdı.
İlkin Rəhimov bildirdi ki, hər bir lənkəranlı qətiyyətlə inanır ki, onu xoşbəxt sabaha aparan yol Heydər Əliyev siyasi kursudur. Məhz Ulu Öndərimizin layiqli varisi cənab Prezident İlham Əliyevin bu siyasi kursu böyük uğurla davam etdirməsi sayəsində ölkəmiz bugünkü inkişaf səviyyəsinə gəlib çatmış, Lənkəran da daxil olmaqla respublikamızın hər bir guşəsi bu qədər abadlaşmış, uzun illərin problemləri həll olunmuş, insanların güzəranı yaxşılaşmışdır. Bütün bunlar insanlarımızda hədsiz sevinc, fərəh hissi oyatmış, onlarda xoşbəxt sabaha böyük inam yaratmışdır. Bütün Lənkəran camaatı rayonumuzun tərəqqisinə görə məhz Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyevə minnətdardır. Rayonumuzun sakinləri cənab Prezidentin ardıcıl diqqətini və qayğısını həmişə yüksək dəyərləndirib, bu qayğıya minnətdarlıqlarını əməli işləri və Heydər Əliyev siyasi kursuna sadiqlikləri ilə sübut ediblər. Builki prezident seçkilərində də hər bir lənkəranlı seçici məqsəd və məramı Vətənə, xalqa və milli maraqlara sədaqətlə xidmət etməkdən ibarət olan möhtərəm cənab Prezident İlham Əliyevə səs verəcək, taleyini yalnız ona etibar edəcəkdir.
Natiq məruzədə 2013-cü ilin sonrakı aylarında rayonun sosial-iqtisadi sahəsində qarşıda duran həlli vacib məsələləri diqqətə çatdırdı.
Məruzəçi  sonda  qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 21 yanvar 2013-cü il tarixli “Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yübileyi haqqında” Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn məsələlərlə əlaqədar Lənkəranda da geniş tədbirlər planı hazırlanmışdır. Artıq Heydər Əliyev Mərkəzində, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil müəssisələrində, ayrı-ayrı kollektivlərdə əlamətdar yübiley münasibəti ilə silsilə, rəngarəng tədbirlər həyata keçirilir. Ən böyük tədbir isə Ulu Öndərin adını daşıyan Xatirə parkının yenidənqurmadan sonra açılışı olacaqdır. Bu Xatirə parkı lənkəranlıların Heydər Əliyev şəxsiyyətinə bəslədikləri sonsuz ehtiramın parlaq nümunəsi kimi nəsillərə örnək olacaqdır.
Məruzə ətrafında müzakirələrdə şəhər Maliyyə İdarəsinin rəisi İqbal Rəcəbov, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev, Qaz İstismar Sahəsinin rəisi Ceyhun Axundov, Su-Kanal İdarəsinin rəisi Rövşən Təhməzov  və Bölgə Təcrübə Stansiyasının direktoru Həzər Hüseynov çıxış edərək ilin birinci rübündə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.
Lənkəran ŞİH  Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev Şura iclasının qərar layihəsini oxudu.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Şura iclasını yekunlaşdıraraq Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinin respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da yüksək səviyyədə qeyd olunduğunu, müxtəlif silsilə tədbirlərin keçirildiyini bildirdi, qarşıdan gələn növbəti prezident seçkilərinə hazırlıq məsələlərindən söz açdı, bu siyasi kampaniyanın Seçki Məcəlləsinə uyğun keçirilməsi üçün müvafiq tapşırıqlarını verdi, qarşıda duran mühüm vəzifələri bir daha diqqətə çatdırdı.

Keçidlər