Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISININ SÜTƏMURDOV KƏNDİNDƏ NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ

19 aprel 2013 | 15:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü aprelin 18-də Sütəmurdov kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və aparıcı təşkilatların rəhbərləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının Sütəmurdov inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Hüseynov ərazidə əhalinin məşğuliyyəti barədə məlumat verdi, kəndin sosial-iqtisadi sahəsində görülmüş işlər barədə danışdı, bir sıra həlli vacib məsələləri İcra başçısının diqqətinə çatdırdı.
Sütəmurdov bələdiyyəsinin sədri Emil Məmmədov kənddə aparılan abadlıq, səliqə-səhman işləri barədə söz açdı, bələdiyyənin xətti ilə həyata keçirilən bir sıra sosial məsələlər barədə fikirlərini söylədi.
Sonra kənd sakinlərindən Rahab Nəzərov, Fərəməz Bayramov, Mahmud Məmmədov və başqaları çıxış edərək respublikamızda, o cümlədən Lənkəranda aparılan genişmiqyaslı yenidənqurma, tikinti və abadlıq işlərindən danışdılar, Ümummilli Liderimiz Heydər Əliyevin 90 illik yubileyinin təntənəsi ilə yaşadıqlarını xüsusi vurğuladılar, qarşıdan gələn növbəti prezident seçkilərində yekdilliklə cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini əminliklə bildirdilər, bır sıra təkliflər irəli sürdülər.
Görüşü yekunlaşdıran Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dedi ki, ötən ilin may ayında bu ərazidə əhali ilə keçirilən görüşdən sonra ötən müddət ərzində ərazidə xeyli iş görülmüş və hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Yaxın aylarda Sütəmurdov kəndində təbii qazın açılışı nəzərdə tutulmuşdur. Kənddə yeni su-kanalizasiya layihəsi həyata keçirilir, burada digər sosial infrastruktur layihələr yerinə yetiriləcəkdir.
İcra başçısı ölkəmizdə sosial-iqtisadi sahələrdə əldə edilmiş uğurlardan danışarkən qeyd etdi ki, xalqla dövlətin vəhdəti qazanılmış uğurların möhkəm bünövrəsini qoymuşdur. Bu və digər nailiyyətlər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun bəhrələridir. Ümummilli Liderimizin şah əsəri olan Azərbaycanı qoruyub saxlamaq və daha da inkişaf etdirmək üçün hər birimiz öz töhfəmizi verməliyik. Vətənini sevən hər bir vətəndaş dövlətini də sevməlidir.
Taleh Qaraşov həmçinin son 10 ildə dövlətimizin iqtisadi qüdrətinin artmasından söz açaraq dünyanın ən nüfuzlu beynəlxalq qurumları tərəfindən Azərbaycanda gedən sürətli inkişafın dəstəkləndiyini,  respublikamızın dünya iqtisadiyyatına inteqrasiya olunduğunu söylədi, Azərbaycanda güclü dövlətin formalaşdığını, ölkəmizin tolerant dövlət olduğunu,  Azərbaycanın hamımızın ümumi və bölünməz evi olduğunu xüsusi vurğuladı.
İcra başçısı sonda lənkəranlıların həmişə olduğu kimi dövlət başçımızın ətrafında daha da sıx birləşəcəyini, qarşıdan gələn prezident seçkilərində Heydər Əliyev kursunun davamına səs verəcəklərini əminliklə ifadə etdi.

Keçidlər