Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISININ ŞAĞLASER KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLMİŞDİR

12 aprel 2013 | 15:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü aprelin 11-də Şağlaser kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və aparıcı təşkilatların rəhbərləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının Şağlaser inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səbrəddin Həbibov əraziyə daxil olan Şağlaser, Xarxatan və Cil kəndlərinin əhalisi və onların məşğuliyyəti barədə məlumat verdi, bir sıra sosial-iqtisadi problemləri İcra başçısının diqqətinə çatdırdı.
Şağlaser bələdiyyəsinin sədri Allahverən Mirzəyev ərazidə aparılan abadlıq və səliqə-səhman işləri barədə danışdı.
Şağlaser kənd ümumi orta məktəbinin direktoru Akif Miriyev çıxışında məktəbin yerləşdiyi ərazidə avtomobil yolunda sürətməhdudlaşdırıcı maneələrin qoyulmasını xahiş etdi.
Şağlaser kənd sakini Əlizadə Əliyev kənddə xəstəxana üçün yeni binanın tikilməsinin zəruriliyini vurğuladı.
Xarxatan kənd sakini Məmi Nəsirov magistral yolun asfaltlaşdırılmasına görə təşəkkürünü bildirdi.
Xarxatan kənd sakini İbrahim Məmmədov rayonda aparılan genişmiqyaslı tikinti, abadlıq və quruculuq işlərinə görə cənab Prezident İlham Əliyevə və İcra başçısı Taleh Qaraşova sakinlər adından minnətdarlıq etdi.
Cil kənd tam orta məktəbinin müəllimi Allahverən Qənbərli 2008-ci ildə inşa edilmiş yeni məktəb binasında qaz xəttinin olmadığını söylədi.
Cil kənd sakini İbrahim Quliyev ərazidə yaşayan bütün əhalinin yekdil fikrini ifadə edərək qarşıdan gələn Prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirdi.
Sonra ayrı-ayrı sakinləri şəxsi xahişləri ilə İcra başçısına müraciət etdilər. Onlar yeni yaşayış məhəllələrində işıq və qaz xətlərinin çəkilməsinə, əlavə transformatora ehtiyacın olduğunu söylədilər.
Görüşü yekunlaşdıran Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bildirdi ki, bu, burada yaşayan əhali ilə keçirilən ikinci görüşüdür. Cənab Prezident İlham Əliyevin Lənkərana göstərdiyi diqqət və qayğı sayəsində son 1 il ərzində rayonumuzda aparılan işlərə əhalinin verdiyi yüksək qiymət bizi daha yaxşı işləməyə ruhlandırır.
İcra başçısı həmçinin Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizin tənəzzüldən inkişafa keçid almasından, son 10 il ərzində sosial-iqtisadi inkişaf sahəsində böyük uğurların qazanılmasından, yeni layihələrin insanların həyat şəraitinə müsbət təsirindən söhbət açdı, cənab Prezidentin rəhbərliyi altında şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsindən, Azərbaycan neftinin və qazının dünya arenasına çıxarılmasından, neft kapitalının insan kapitalına çevrilməsindən, aprelin 7-də Bakıda keçirilmiş Davos Ümumdünya İqtisadi Forumunun Azərbaycanın iqtisadi qüdrətinin göstəricisi olmasından, ölkəmizin bütün sahələrində hökm sürən iqtisadi-siyasi sabitlikdən, dövlətimizin büdcəsinin sosial yönümlü olmasından, Azərbaycanda orta təbəqənin formalaşmasından, Azərbaycanın tolerant dövlət olmasından, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının bəhrələrindən, hazırda Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında həyata keçirilən qlobal layihələrdən söz açdı. Eyni zamanda İcra Başçısı vurğuladı ki, ərazidə aparılan quruculuq-abadlıq işlərinin, Xarxatan kəndində 360 şagird yerlik müasir məktəb binasının tikintisi, kəndə sakinlərin içməli su ilə təchizatı üçün artezian quyusunun qazılması, Vilvan-Zövlə-Boladi-Liman magistral avtomobil yolunun əsaslı təmirinə başlanılması, Şağlaser kənd əsas məktəbi üçün yeni binanın tikintisinin plana salınması cənab Prezident İlham Əliyevin bu əraziyə göstərdiyi diqqət və qayğısıdır.
Taleh Qaraşov çıxışının sonunda qarşıdan gələn prezident seçkilərində bu ərazidə yaşayan sakinlərin yekdilliklə Heydər Əliyev siyasi kursunun davamına səs verəcəyinə əminliyini ifadə etdi, bugünkü görüş zamanı irəli sürülən təkliflərin zaman-zaman öz həllini tapacağını xüsusi vurğuladı.

Keçidlər