Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRİ LƏNKƏRANDA CƏNUB BÖLGƏSİNİN VƏTƏNDAŞLARI İLƏ GÖRÜŞMÜŞDÜR

10 aprel 2013 | 15:00

Aprelin 9-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov cənub bölgəsinin əhatə etdiyi Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarınının vətəndaşları ilə görüşmüş, onların şikayət və təkliflərini dinləmişdir.
Nazirliyin idarə və departamentlərinin, həmçinin, tabeli qurumlarının iştirak etdiyi görüşdə cənub bölgəsində yaşayan 50-dən çox vətəndaşın müraciətinə  baxılmışdır.
Qəbul zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və sair məsələlərlə bağlı vətəndaşların şikayət və təklifləri dinlənilmiş, onları narahat edən bəzi məsələlər yerində həllini tapmışdır.
Şikayət xarakterli müraciətlər isə araşdırılaraq müvafiq tədbirlərin görülməsi, aidiyyatı qurumlara çatdırılması üçün qeydə alınmış və nəzarətə götürülmüşdür.
Bəzi vətəndaşlar tərəfindən şəxsi xarakter daşıyan müraciətlər edilmiş, onlara kömək göstərilməsi məqsədilə nazirliyin aidiyyatı qurumlarının rəhbərlərinə tapşırıqlar verilmişdir.
Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə verdiyi müsahibəsində bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən yerlərdə vətəndaşlarla keçirilən görüşlərdə onların problemləri öyrənilir və onların həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Son zamanlar cənub bölgəsində ekoloji tarazlığın və təbii sərvətlərin qorunması sahəsində müəyyən işlərin görüldüyünü vurğulayan H.Bağırov bölgədə Hirkan Milli Parkının yaranmasından sonra bu sahəyə diqqətin artdığını bildirmişdir.
Bununla belə, bu sahədə ən böyük problemin əhali tərəfindən iri və xırda buynuzlu mal-qaranın meşələrə buraxılması nəticəsində əmələ gəlmiş meşə qırıntılarının olması diqqətə çatdırılmışdır.
Lənkəran-Lerik yolunda baş vermiş torpaq sürüşmələri ilə bağlı verilən sualı cavablandıran nazir H.Bağırov bildirmişdir ki, ərazidə tikinti apararkən mühəndis-geoloji tələblərə ciddi riayət olunmalıdır.
Bəzi hallarda sakinlər meşə ərazisinin yamaclarını hamarlayaraq həmin sahədə özlərinə fərdi evlər tikirlər. Belə bir vəziyyət isə torpaq sürüşmələri üçün şərait yaradır.

Keçidlər