LƏNKƏRANLI GƏNCLƏR HƏRBİ XİDMƏTƏ YOLA DÜŞDÜLƏR
Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağrılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən aprelin 8-də Lənkəran rayonunda gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirildi. Tədbirdə Lənkəran şəhər İcra hakimiyyətinin rəsmiləri, valideynlər və gənc çağırışçılar iştirak edirdilər.
Mərasimdə Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşov çıxış edərək hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırdı, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi arzuladı.
Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin rəis müavini, mayor Natiq Abbasov gənclərin hərbi xidmətə böyük həvəslə getmələrini ordu quruculuğundakı uğurların nəticəsi kimi qiymətləndirdi.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran bölgəsi üzrə nümayəndəsi Axund Hacı Sədi Axundzadə, Milli Qəhrəman atası Ələkbər Əliyev, valideyn Şeyda Həsənova çıxış edərək lənkəranlı gənclərin hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını söylədilər.
Hərbi xidmətə yola düşən gənc çağırışçılar adından çıxış edən Ramin Məlikov vətənə layiqli bir övlad kimi xidmət edəcəklərini bildirdi.
Sonra çağırışçı gənclər Azərbaycan bayrağı və müqəddəs Quranın altından keçdilər.
Rayonun incəsənət ustalarının ifasında musiqili proqram başa çatdıqdan sonra gənc əsgərlər avtobuslarla hərbi hissələrə yola düşdülər.