LƏNKƏRANDA SOYQIRIM QURBANLARININ XATİRƏSİ ANILDI
31 Mart – azərbaycanlıların soyqırımı günü respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da dərin hüznlə anıldı.
Martın 30-da Lənkəran Şəhər İcra Hakimiyyətinin iclas zalında soyqırımı günü ilə əlaqədar ümumrayon toplantısı keçirildi.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Toplantını giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov erməni millətçiləri tərəfindən 1905-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı törədilmiş etnik təmizləmə və deportasiya siyasətindən, onların “dənizdən dənizə böyük Ermənistan” yaratmaq iddiasından, 1918-ci ilin mart qətliamından söhbət açdı.
İcra başçısı daha sonra azərbaycanlıların soyqırımı hadisəsinə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyevin hüquqi-siyasi qiymət verməsindən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndərimizin misilsiz xidmətlərindən bəhs etdi, hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu istiqamətdə apardığı uğurlu xarici siyasətin bəhrələrindən danışdı.
Sonra Lənkəran Dövlət Universiteti tarix və fəlsəfə kafedrasının baş müəllimi Kamal Mahmudov “31 mart azərbaycanlıların soyqırımı günüdür” mövzusunda geniş məruzə etdi.
Natiq məruzəsində qeyd etdi ki, 1918-ci ilin mart qırğınları xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biri olmuşdur. Erməni daşnakları 3 gün ərzində Bakıda 12 min azərbaycanlının həyatına son qoymuş, qocaları, qadınları və uşaqları amansızcasına qətlə yetirmiş, qiymətli tarixi abidələri məhv etmişlər. Qubada, Xaçmazda, Şamaxıda, Lənkəranda, Kürdəmirdə və digər bölgələrdə də bu cür faciələr törədilmişdir.
K.Mahmudov daha sonra bildirdi ki, 1918-1920-ci illərdə Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağın dağlıq və dağətəyi hissəsindən Azərbaycanlıların yaşadığı 150-ə yaxın kənd xarabalığa çevrilmiş, 50 mindən çox soydaşımız qətlə yetirilmişdir.
Məruzəçi sonda qeyd etdi ki, Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında bu hadisələrə siyasi qiymət verilmiş və ilk dəfə olaraq azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qaldıqları rəsmi surətdə bəyan edilmişdir. 1998-ci ildən etibarən 31 mart Azərbaycanlıların Soyqırımı günü kimi hər il dövlət səviyyəsində qeyd edilir.
Məruzə ətrafında müzakirələrdə Gərmətük qəsəbə sakini Sərhad Məmmədov, Mamusta kənd sakini Şakir Qasımov və Lənkəran şəhər 10 saylı tam orta məktəbinin müəllimi Zəhra Abdullayeva çıxış edərək erməni-daşnak millətçilərinin Lənkəran şəhərinin mərkəzində, ayrı-ayrı kəndlərində törətdikləri qanlı qırğınlardan danışdılar.
***
Martın 30-da səhərin erkən saatlarından rayon əhalisi soyqırım zamanı qətlə yetirilən azərbaycanlıların xatirəsini yad etmək üçün şəhərimizdə soyqırım qurbanlarının xatirəsinə salınan parkın qarşısına toplaşmışdı.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoydu, hadisələrdə günahsız olaraq qətlə yetirilən minlərlə azərbaycanlının xatirəsini dərin hüznlə yad etdi.
Daha sonra hüquq-mühafizə orqanlarının, rayonun icra strukturlarının, idarə və müəssisələrin rəhbərləri, pedaqoji kollektivlər, hərbi hissələrin əsgərləri və ictimaiyyətin nümayəndələri növbə ilə abidə qarşısına gələrək buraya qərənfil dəstələri düzdülər.