İCRA BAŞÇISININ ŞAĞLAKÜCƏ KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü martın 29-da Şağlakücə kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və aparıcı təşkilatların rəhbərləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının Şağlakücə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yədulla Yədullayev əraziyə daxil olan Şağlakücə və Bəlləbur kəndlərinin əhalisi, onların məşğuliyyəti, mövcud sosial obyektlər barədə məlumat verdi, bir sıra çatışmazlıqları İcra başçısının diqqətinə çatdırdı.
Şağlakücə bələdiyyəsinin sədri Təvəkkül Məlikov ərazidə aparılan abadlıq və səliqə-səhman işləri haqqında danışdı.
Sonra Şağlakücə kənd sakini Sədaqət Qurbanov kəndə təbii qaz xəttinin çəkilişinə görə ilk növbədə cənab Prezident İlham Əliyevə və İcra başçısı Taleh Qaraşova minnətdarlığını bildirdi, kəndara yollarının asfaltlaşdırılmasını xahiş etdi.
Şağlakücə kənd həkim ambulatoriyasının baş həkimi Hüsniyyə Kərimova tibb məntəqəsinə qaz və telefon xətlərinin çəkilməsinin vacibliyini vurğuladı.
Bəlləbur məktəbinin müəllimi Bahəddin Mirzəyev məktəb binasının əsaslı təmirə ehtiyacı olduğunu söylədi, məktəbin həyətində içməli su quyusunun yararsız vəziyyətdə olduğunu bildirdi.
Şağlakücə məktəbinin müəllimi Umud Əhədov kənddə işıq dirəklərinin köhnə olduğunu diqqətə çatdırdı.
Bələdiyyə üzvü Maqsud Axundov Şağlakücə kəndində yeni yaşayış massivinə qaz xəttinin çəkilməsinin zəruriliyini vurğuladı.
Şağlakücə məktəbinin direktoru Ziyafət Ağayev cənab Prezidentin diqqət və qayğısı ilə Lənkəranda aparılan genişmiqyaslı tikinti, quruculuq və yenidənqurma işlərinə görə dövlət başçısına bütün ərazi sakinləri adından minnətdarlıq etdi, Lənkəranın əvvəlki şöhrətini geri qaytarılması istiqamətində gördüyü işlərə görə hörmətli Taleh Qaraşova bütün sakinlər adından uğurlar arzuladı.
Daha sonra şəxsi xahişlə İcra başçısına müraciət olundu.
Görüşü yekunlaşdıran Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov hamını Novruz bayramı münasibətilə təbrik etdi, onların şəxsində bütün kənd sakinlərinə ən səmimi və xoş arzularını çatdırdı. Bu ərazidə əhali ilə artıq ikinci dəfə görüş keçirdiyini vurğulayan İcra başçısı ötən görüş zamanı əhali tərəfindən qaldırılan təkliflərin xeyli hissəsinin icra edildiyini, kəndə təbii qaz xəttinin çəkildiyini, hazırda bu sahədə işlərin sürətlə davam etdirildiyini bildirdi.
Son bir il ərzində rayonda qazlaşdırma prossesinin sürətlə həyata keçirildiyini, yeni layihələrdən olan həm şəhər, həm də şəhərətrafı 12 yaşayış məntəqəsini əhatə edən yeni su-kanalizasiya sisteminin qurulmasını, yol infrastrukturunun yenilənməsini diqqətə çatdıran İcra başçısı bu sahədə işlərin dinamik davam etdirildiyini xüsusi vurğuladı.
Taleh Qaraşov daha sonra qeyd etdi ki, İcra Hakimiyyətinin qapıları bütün vətəndaşların üzünə açıqdır. Bu, cənab Prezident İlham Əliyevin bizə verdiyi ciddi tapşırıqdır ki, əhalinin qayğı və problemləri daim diqqət mərkəzində saxlanılır. Ölkəmizin iqtisadi gücü, qüdrəti gündən-günə artır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ictimai-siyasi sabitlik, əmin-amanlıq hazırda dövlət başçımız tərəfindən uğurla davam etdirilir və daha da möhkəmləndirilir. Azərbaycan tolerant dövlətdir. Bu gün ölkəmizdə yaşayan hər bir kəs Azərbaycan vətəndaşıdır. Azərbaycan demokratik dövlətdir. İlham Əliyev yeni əsrin yeni lideridir. Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi ölkəyə çevrilmişdir. Hər il İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumu aprel ayında Bakıda keçiriləcək. Bütün bu uğurlar cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir.
İcra başçısı sonda ərazidə yaşayan əhalinin bu il keçiriləcək prezident seçkilərində öz siyasi fəallığını bir daha nümayiş etdirərək cənab Prezident İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəyinə əminliyini vurğuladı, bugünkü görüş zamanı səsləndirilən təkliflərin tezliklə həll ediləcəyini söylədi.