LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISININ ŞƏHƏRİN “QALA XİYABANI” VƏ BÖYÜK BAZAR ƏRAZİSİNDƏ YAŞAYAN SAKİNLƏRLƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü martın 28-də N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında şəhərin “Qala Xiyabanı” və Böyük Bazar ərazisində yaşayan sakinlərlə keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssiə və aparıcı təşkilatların rəhbərləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vidadi Dadaşov ərazidə mövcud olan idarə, müəssisə, təşkilatlar, kommersiya obyektləri və təhsil müəssisələri barədə məlumat verdi, şəhərin küçə və prospektlərində, park və bağlarında, xiyabanlarında aparılan genişmiqyaslı tikinti, abadlıq və yenidənqurma işləri haqqında danışdı.
Lənkəran bələdiyyəsinin sədri Eldar Hüseynov bələdiyyənin gördüyü işlərdən, vətəndaşların qəbulundan söz açdı, həyata keçirilən müxtəlif tədbirlər barədə çıxış etdi.
Ayrı-ayrı sakinlərdən Malik Qədimov İ.Səmədzadə küçəsində kanalizasiya xətlərinin təmirə ehtiyacı olduğunu, Yaşar Məmmədov ikinci doqquz mərtəbəli binanın ərazisinin asfaltlaşdırılmasını təklif etdi, Rövşən Əliyev yaşayış binalarının fasad hissəsinin yeniləndiyi üçün minnətdarlığını bildirdi, Nadir Ələsgərov “Qala Xiyabanı”ndakı 13 nömrəli binanın dam örtüyünün təmir olunmasının vacibliyini diqqətə çatdırdı, Tahir Kazımov həmin xiyabandakı 8 nömrəli binada liftin işləmədiyini, Hafiz Mirzə həmin xiyabandakı 5 nömrəli binanın kanalizasiya sisteminin köhnə olduğunu söylədi.
Sonra şəxsi xahişlə əlaqədar İcra başçısına müraciət olundu.
Görüşü yekunlaşdıran İcra başçısı Taleh Qaraşov qeyd etdi ki, ötən il may ayının 22-də bu ərazinin sakinləri ilə keçirilən ilk görüşdə əhali tərəfindən qaldırılan təkliflərin əksəriyyəti öz həllini tapmışdır. Digər məsələlərin yerinə yetirilməsi istiqamətində də işlər icra edilir.
İcra başçısı daha sonra son 8-9 ildə Azərbaycanda ümumi daxili məhsul istehsalının 3 dəfə artdığını, iqtisadiyyatımızın, qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini, Azərbaycan modelinin dünyanın bir çox ölkələri tərəfindən öyrənildiyini xüsusi vurğuladı, ölkəmizdə yeni infrastruktur layihələrin uğurla həyata keçirildiyini qeyd etdi.
Taleh Qaraşov eyni zamanda, Lənkəran rayonunun müasirləşməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində genişmiqyaslı layihələrin icra edildiyindən, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Lənkəran rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi haqqında imzaladığı sərəncamların mühüm əhəmiyyətindən söz açdı, Lənkəran şəhərində, rayonun qəsəbə və kəndlərində qazlaşdırma prossesinin və yeni su-kanalizasiya layihəsinin sürətlə yerinə yetirildiyini vurğuladı, şəhərin yeni məhəllələrində infrastruktur işlərinin yerinə yetiriləcəyini, şəhərin simasının yeni görkəm alacağını əminliklə bildirdi.
İcra başçısı daha sonra Heydər Əliyev Xatirə parkında, Həzi Aslanov adına parkda aparılan yenidənqurma işlərindən, Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirindən, Vilvan-Zövlə-Boladi və Liman-Nərimanabad yollarının yenidən qurulmasına və asfaltlaşdırılmasına başlanılmasından, Gənclər Mərkəzinin tikintisinin başa çatdıqdan sonra burada gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şəraitin yaradılacağından, yaxın günlərdə yeni Olimpiya İdman Kompleksinin tikintisinə başlanılacağından, yeni işıqlandırma dirəklərinin quraşdırılmasından, yeni məktəb binalarının tikintisindən, qəzalı vəziyyətdə olan 15 çoxmərtəbəli yaşayış binasında bərkitmə-gücləndirmə işlərinin aparılacağından, bu binaların ərazisinin asfaltlaşdırılacağından, burada uşaq əyləncə mərkəzlərinin salınacağından, xeyir-şər evlərinin tikiləcəyindən söz açdı.
Taleh Qaraşov çıxışının sonunda şəhərimizin təmiz, səliqəli saxlanılmasının hər kəsin vətəndaşlıq borcu olduğunu diqqətə çatdırdı, şəhərimizin simasının daha da gözəlləşməsi üçün hamını əl ələ verib Xan Lənkəranın adına layiq işlər görməyə çağırdı.
İcra başçısı sonda bu il keçiriləcək Prezident seçkilərində lənkəranlıların həmişə olduğu kimi, yenə də fəallığı ilə seçiləcəyindən və cənab Prezident İlham Əliyevə səs verəcəklərindən əminliyini ifadə etdi.