Lənkəranda "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində ilk dəfə olaraq Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının konsert ifası tamaşaçılara təqdim olunmuşdur
Martın 10-da Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində ilk dəfə olaraq Qara Qarayev adına Dövlət kamera orkestrinin, xor kapellasının və solistlərin ifasında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının konsert ifası tamaşaçılara təqdim olunmuşdur.
Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə martın 9-dan 19-dək keçiriləcək "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalında Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, Qazaxıstan, ABŞ, Fransa, Kanada, İngiltərə, Liviya, Braziliya, İspaniya, İtaliya, Almaniya, İordaniya, Yaponiya, Türkmənistan, Rusiya, Çin, Hindistan, Tunis, Misirdən dünya şöhrətli musiqiçilər və qruplar iştirak edirlər.
Mərasimi giriş sözü ilə açan Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli qonaqlara və tədbir iştirakçılarına İcra başçısı Taleh Qaraşovun salamlarını çatdırmış, Üçüncü Beynəlxalq Muğam Festivalının işinə uğurlar arzulamışdır.
Mərasimdə çıxış edən Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev bildirmişdir ki, ilk dəfə olaraq Festival çərçivəsində həm Bakı şəhərində, həm də ölkəmizin bir çox bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlərin, beynəlxalq muğam müsabiqəsinin, beynəlxalq elmi simpoziumun və ustad dərslərinin təşkili nəzərdə tutulmuşdur.
Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının bədii dəyərindən söhbət açan H. Quliyev operanın konsert ifaçılarını tamaşaçılara təqdim edmişdir.
Lənkəranlı tamaşaçılar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının konsert ifaçılarını- dirijor Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Azərbaycan Xor Kapellasının, solistlər: Xalq Artistləri Mənsum İbrahimov və Aygün Bayramovanın, Əməkdar Artistlər Elçin Həşimov və Elnur Əhmədovun çıxışlarını hərarətlə qarşılamışlar.