LƏNKƏRANDA 8 MART BEYNƏLXALQ QADINLAR BAYRAMI TƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD EDİLDİ
8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə martın 7-də “Şah” sarayında bayram şənliyi keçirildi.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra hakimiyyətinin digər rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonumuzun müxtəlif sahələrində çalışan qadınlar iştirak edirdi.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov qadınları bayram münasibətilə təbrik etdi. Ürək sözlərini söyləyərkən tarixə qısa ekskursiya edən İcra başçısı bildirdi ki, Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi göstərmiş, cəmiyyət həyatına mütəmadi nüfuz etmiş, öz milli xüsusiyyətlərini, ülvi, ali hisslərini qoruyub saxlamışlar.
T.Qaraşov çıxışında qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında daha fəal iştirakına geniş yer verilmişdir. Bunun nəticəsində də qadınlar dövlət quruculuğu işlərinə cəlb olunmuşlar. Ümummilli Liderin bu siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
İcra başçısı sonda vurğuladı ki, respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da qadınlar rayonun ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək, bu gün rayonumuzda uğurla həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə öz töhfələrini verirlər.
Sonra T.Qaraşov bir qrup qadına rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim etdi.
Lənkəranın incəsənət ustalarının ifa etdikləri şən, oynaq musiqi nömrələri, Q.Vəliyev adına şəhər Mədəniyyət mərkəzinin, O. Mirzəyev adına qarışıq tipli uşaq evinin rəqs qruplarının, 12 və 15 saylı uşaq bağçaları fidanlarının nümayiş etdirdikləri rəqs nümunələri şənliyi daha da rövnəqləndirdi.
Şirniyyat stolu arxasında keçən şənlik hamıya gözəl ovqat, sevinc duyğuları bəxş etdi.