LƏNKƏRANDA OD ÇƏRŞƏNBƏSİ TƏNTƏNƏ İLƏ QEYD OLUNDU
Martın 5-i xalq təqvimi ilə Boz ayın, ilaxır çərşənbələrindən ikincisi, Od çərşənbəsidir. Adət-ənənəyə görə bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar - bezarları yandırırlar.
Martın 5-də şəhərimizdəki dəmiryolu vağzalı ərazisində od çərşənbəsi təntənəli şəkildə qeyd olundu. Bayram şənliyində çərşənbə adətlərinə uyğun olaraq tonqallar qalandı. “Nənələr” folklor ansamblının, populyar müğənni Cavad Rəcəbovun ifalarında müxtəlif mərasim nəğmələri və xalq mahnıları ifa olundu, N.B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aktyorlarının ifasında Novruz adətlərinə aid müxtəlif səhnəciklər göstərildi.
Bayram tədbirində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov,Prezident Adminstrasiyasının məsul işçisi Vəfadar Bağırov, İcra başçısının müavinləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi tədqiqatçılar tərəfindən qədim zamanların əsas dinlərindən olan və Azərbaycan ərazisində yayılan Atəşpərəstlik dini ilə bağlanılırdı. Çünki Zərdüşt tərəfindən yaradılan Avesta kitabındakı odun müqəddəsliyi və insanların oda olan inamı, sitayişi tarix boyunca özünü güclü şəkildə göstərmişdir. Hətta Bakının Suraxanı qəsəbəsində yerləşən Atəşgah da buna əyani misaldır.
Od çərşənbəsi ilə bağlı yaddaşlarda qalan bir çox nəğmə, etiqad, mərasim, mif və rəvayətlər bu günümüzədək gəlib çatıb. Onlar arasında oda, ağaca olan inamlar da xüsusilə diqqəti cəlb edir. Məsələn, "ocağı şər vaxtı söndürməzlər", "od çərşənbəsində ocağı boş qoymazlar" və sair. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləsələr, oxşasalar, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.
Qeyd edək ki, həmin gün hamı müxtəlif xörəklər bişirməli və stolun üzərində bütün çərşənbələrdə olduğu kimi şirniyyatlar olmalıdır. Bu, süfrənizin bollu, bərəkətli olması, ilinizin şirin və sevinc dolu keçməsinə səbəb olur. Bu əsas inanclar və insanların inamları nəticəsində meydana gəlir.
Çərşənbəniz mübarək!