Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Yaponiyanın Azərbaycandakı səfiri Lənkərana səfər etmişdir

06 mart 2013 | 16:00

Martın 5-də Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabeni və xanımını qəbul etmişdir. Görüşdə Azərbaycan Demokratik Tələbə və Gənclər təşkilatının sədri Asif Əsgərli, İcra aparatının rəsmiləri və mətbuat nümayəndələri iştirak etmişdir.
Görüş zamanı çıxış edən ŞİH-nin başçısı Taleh Qaraşov qonaqları salamladı, səfir ilə görüşdən məmnunluq hissini ifadə etdi. Yaponiya səfirliyinin ölkəmizdə, xüsusilə də Lənkəranda sosial sahədə həyata keçirdiyi layihələrdən söhbət açan İcra başçısı istər ölkə rəhbərliyinin, istərsə də vətəndaşların bu layihələrin icrasını müsbət qiymətləndirdiyini bildirdi. T.Qaraşov qeyd etdi ki, növbəti layihənin icrası ilə cənab səfir lənkəranlılara daha bir hədiyyə verəcəkdir ki, bu hədiyyənin adı sağlamlıqdır. Bu isə öz növbəsində vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması və sağlamlıqlarının qorunması üçün ölkədə həyata keçirilən sosial dövlət proqramlarının icrasına dəstəkdir. T.Qaraşov cənab səfirin ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirərək buna görə lənkəranlılar adından ona təşəkkürünü bildirdi, iki ölkə arasında əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə ümidvar olduğunu qeyd etdi.
Sonra ADTGT-nin sədri A.Əsgərli çıxış edərək Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək layihə haqqında ətraflı məlumat verdi. Bildirdi ki, bu, Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə ölkəmizdə 167-ci, Lənkəranda isə 4-cü layihəsi olacaqdır. Layihədə Lənkəranın Zövlə kəndində yeni tibb məntəqəsinin tikilməsi nəzərdə tutulub. Layihənin icrası üçün Yaponiya səfirliyi tərəfindən 123,400 dollar qrant ayrılıb.
Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe çıxış edərək ona göstərilən yüksək qonaqpərvərliyə, ölkəsinin ünvanına səslənən xoş sözlərə görə İcra başçısı cənab Taleh Qaraşova minnətdarlığını bildirdi. Azərbaycanın istər təbii ehtiyatları baxımından, istərsə də iqtisadi inkişafının göstəricilərinə görə dünyanın ən zəngin dövlətlərdən biri olduğunu söylədi. Bu baxımdan digər dövlətlər kimi Yaponiyanın da Azərbaycanla münasibətlərini daha da yüksək səviyyədə inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırdı.
Daha sonra cənab səfir Şusuke Vatanabe ilə ADTGT-nin sədri Asif Əsgərli arasında “Lənkəran rayonunun Zövlə kəndində yeni tibb məntəqəsinin tikintisi” layihəsi üzrə qrant müqavilə imzalandı.
İcra başçısı Taleh Qaraşov səfirə üzərində Lənkəranın Xan sarayının təsviri olan tablo hədiyyə etdi.
Görüşdən sonra cənab səfir kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibə verdi.

Keçidlər