LƏNKƏRANLI GƏNCLƏR XOCALI FACİƏSİNİ ANIR
Lənkəranda Xocalı soyqırımının 21-ci il dönümü ilə əlaqədar keçirilən sil-silə tədbirlər çərçivəsində fevralın 25-də Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan “Xəmsə” intellektual bilik yarışının rayon turniri keçirildi. Lənkəran şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən bilik yarışında rayonda fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri və orta ixtisas məktəblərinin şagirdləri iştirak edirdilər.
Yarışdan əvvəl iştirakçılar Xocalı soyqırımı qurbanlarının Xatirə parkına gələrək burada ucaldılan abidəni ziyarət etdilər, önünə tər qərənfillər düzdülər.
Heydər Əliyev Mərkəzində iştirakçılara Xocalı soyqırımına həsr olunan sənədli film nümayiş olundu.
Gənclər və İdman idarəsinin rəisi Yalçın Əhmədov çıxış edərək erməni qaniçənləri tərəfindən Xocalıda xalqımıza qarşı törədilən vəhşiliklərdən, həmvətənlərimizə edilən amansız zülümdən danışdı.
YAP Lənkəran şəhər Gənclər Təşkilatının sədr müavini Samir Salayev zaman keçdikcə artıq bütün dünyanın bu qətliamın Azərbaycan xalqına qarşı həyata keçirilən düşünülmüş kütləvi qırğın – soyqırım olduğunu etiraf etdiyini bildirdi.
Çıxışlardan sonra turnirə start verildi.
Rayonun müxtəlif təhsil müəssisələrini təmsil edən 8 komandanın mübarizə apardığı yarışmanın sonunda qaliblərə Gənclər və İdman idarəsi tərəfindən diplomlar və kubok təqdim olundu.