LƏNKƏRANIN DAHA 4 KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ
Fevral ayının 22-də rayonumuzun Qurunba, Narbağı, Rvo və Parakənd kəndlərinə təbii qazın verilməsi münasibətilə təntənəli açılış mərasimləri keçirilmişdir.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə 115 abonenti olan Rvo kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 3 min 505 metr olan müxtəlif diametrli metal boru, 7 min 316 metr isə polietilen boru çəkilmiş, 115 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Ümumilikdə 409 abonenti olan Narbağı və Qurumba kəndlərinin qazlaşdırılması üçün uzunluğu 3 min 373 metr olan müxtəlif diametrli metal boru, 6 min 585 metr isə polietilen boru çəkilmiş, 409 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
225 abonenti olan Parakənd kəndinin qazlaşdırılması üçün isə uzunluğu 1992 metr olan müxtəlif diametrli metal boru, 14 min 382 metr polietilen boru çəkilmiş, 225 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Fevralın 22-də 4 kənddə ümumilikdə 749 abonentə təbii qaz verilmişdir.
Qeyd edək ki, Qurunba, Narbağı və Rvo kəndləri ilk dəfə olaraq qazlaşdırılmışdır.
Açılış mərasimlərində çıxış edənlər – Qurunba inzibati ərazi dairəsinin nümayəndəsi Babakişi Əkbərov, Qurunba və Narbağı kənd sakinlərindən Təbriz Babayev, Kərim Nəhmətov, Ağakişi Babakişiyev, Ələddin Ramazanov, Rvo inzibati ərazi dairəsinin nümayəndəsi Oruc Şərbətov, kənd sakinlərindən Sevda Vəliyeva, Fərrux Əmirov, Arif Məmmədov, Hirkan inzibati ərazi dairəsinin nümayəndəsi Mehman Xəlilov, Parakənd kənd sakinlərindən Ağalar Əliyev, Şirzad Həşimov və Möhübbət Quliyev ürək sözlərini söyləmiş, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova və “Azəriqaz” İB-nin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
“Azəriqaz” İB-nin baş direktorunun birinci müavini Qamət Məmmədov açılış mərasimlərində çıxış edərək sakinləri baş direktor Əkbər Hacıyevin adından təbrik etmiş, təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə etmişdir.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov açılış mərasimlərində çıxış etmiş, sakinlərə ən səmimi və xoş arzularını çatdırmış, ölkəmizin hərtərəfli inkişafından söz açmış, respublikamızda irihəcmli layihələrin icra edilməsindən danışmış, əhalinin təbii yanacaqla təmin edilməsinin bu layihələrin tərkib hissələrindən biri olduğunu vurğulamış, rayonumuzda bu istiqamətdə həyata keçirilən işlərin daha da sürətləndirildiyini, I rübdə daha 15 yaşayış məntəqəsinin təbii qazla təmin ediləcəyini söyləmişdir.
T.Qaraşov və Q. Məmmədov “mavi alov”un rəmzi açılışını bildirən məşəli alovlandırmışlar.