Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA İCRA BAŞÇISININ BÜRCƏLİ KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ

22 fevral 2013 | 16:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü fevralın 21-də Bürcəli kəndində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Xanbulan inzibati ərazi dairəsinin nümayəndəsi Faiq Köçəriyev əraziyə daxil olan kəndlərin əhalisi, onların məşğuliyyəti barədə məlumat verdi, bir sıra problemləri İcra başçısının diqqətinə çatdırdı.
Sonra çıxış edən ayrı-ayrı kənd sakinlərindən Həsənbala Qardaşov, Solmaz Nağıyeva, Bayram Məmmədov, Sima Salayeva və başqaları əraziyə təbii qazın verilməsi münasibətilə ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, İcra başçısı Taleh Qaraşova, bu işdə zəhməti olanlara kənd sakinləri adından dərin minnətdarlıqlarını bildirdilər. Onlar bu il keçiriləcək Prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklərini söylədilər.
Daha sonra bir sıra sakinlər şəxsi xahişləri və problemləri ilə əlaqədar İcra başçısına müraciət etdilər.
Görüşü yekunlaşdıran  Lənkəran ŞİH başçısı Taleh Qaraşov belə görüşlərdə əhalinin fikirlərini, onların qaldırdıqları təklifləri dinləyib tədbir görməyin qarşıda duran ən mühüm vəzifələrdən biri olduğunu vurğuladı. İcra rəsmisi qeyd etdi ki, vətəndaşların qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq üçün yerli məmurlar onlara vaxtında kömək etməli, yardımçı olmalıdırlar. Ölkə başçımız hər bir Azərbaycan vətəndaşının taleyi üçün narahatlıq hissi keçirirsə, inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyə sədrləri və digər qurumlar da bundan nümunə götürməli, ibrət dərsi almalıdır.
İcra başçısı həmçinin qeyd etdi ki, keçən ilin may ayında burada keçirilən görüşdə əhali tərəfindən qaldırılan ən başlıca problem - əraziyə təbii qazın verilməsi artıq öz müsbət həllini tapmışdır. İndi mənzillərdə “mavi alov” şölələnir. Əhali öz məişət qayğılarını asanlıqla həll edir.
Taleh Qaraşov daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il Lənkəran rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə əlaqədar imzaladığı dörd sərəncamın əhəmiyyətindən danışdı, sərəncamdan irəli gələn vəzifələrin uğurla həyata keçirildiyini diqqətə çatdırdı. Bu, möhtərəm Prezidentimizin Lənkərana göstərdiyi böyük diqqət və qayğının təzahürüdür deyən İcra başçısı hazırda rayonumuzda qazlaşdırma prosesinin sürətlə davam etdirildiyini, yeni su-kanalizasiya layihəsinin yerinə yetirildiyini, ikinci Dövlət Proqramında nəzərdə tutulmuş digər məsələlərin də ilin sonunadək uğurla başa çatdırılacağını əminliklə söylədi.
Azərbaycanın iqtisadi qüdrəti artdıqca ölkə vətəndaşlarının rifah halı da gündən-günə yaxşılaşır, sosial problemlər öz həllini tapır deyən İcra başçısı sonda 2013-cü ildə Lənkəran rayonunda yerinə yetiriləcək yeni layihələrdən danışdı, oktyabr ayında keçiriləcək prezident seçkilərində hamını dövlət başçısı İlham Əliyevə səs verməyə çağırdı.

Keçidlər