Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA İCRA BAŞÇISININ ŞƏHƏRİN MİKRORAYON ƏRAZİSİNDƏ ƏHALİ İLƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ

21 fevral 2013 | 16:00

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü fevralın 20-də şəhərimizin mikrorayon ərazisində yaşayan əhali ilə keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının 1 saylı şəhər inzibati ərazi dairəsinin nümayəndəsi Vidadi Dadaşov bu ərazidə mövcud olan idarə, müəssisə, təşkilatlar və digər sosial obyektlər barədə məlumat verdi, bir sıra çatışmazlıqları İcra başçısının diqqətinə çatdırdı.
Sonra ayrı-ayrı sakinlər çıxış etdilər.
Tofiq Paşayev 2-ci mikrorayonda binalararası yolların asfaltlaşdırılmasını, ərazidə uşaq əyləncə mərkəzlərinin tikilməsini təklif etdi.
Xatirə Kərimova şəhər 2 saylı tam orta məktəbin əsaslı təmirinin cari ilin planına salınmasına görə məktəb kollektivi adından minnətdarlığını bildirdi.
Məmmədbağır Axundov 19-cu binanın əsaslı təmirə ehtiyacı olduğunu diqqətə çatdırdı.
Sevil Məhərrəmova 17 saylı uşaq bağçasının əsaslı təmir olunduğunu söylədi. Binaya qaz və istilik xətlərinin çəkilməsinə baxmayaraq bu xətlərin binaya birləşmədiyini söylədi.
Elçin Məmmədov içməli su xəttinin kanalizasiya xəttinə qarışdığını diqqətə çatdırdı.
Rakif Ağayev şəhər 9 nömrəli tam orta məktəbinin əsaslı təmirə ehtiyacı olduğunu dedi.
Ağadadaş Abbasov 6-cı binanın boru xətlərinin korroziyaya uğradığını, nəticədə çirkab sularının zirzəmiyə töküldüyünü narahatlıqla ifadə etdi.
Kəmalə İsmayılzadə şəhər 7 saylı tam orta məktəbinin əsaslı təmir olunmasını təklif etdi.
Sonra bir sıra sakinlər çıxış edərək şəxsi xahişləri ilə bağlı İcra başçısına müraciət etdilər.
Görüşü yekunlaşdıran İcra başçısı Taleh Qaraşov bildirdi ki, cənab Prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən əhalinin problemlərini yerlərdə öyrənib müvafiq tədbirlər görmək daim diqqət mərkəzində saxlanılır.
Ölkəmizdə genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinin görüldüyünü önə çəkən İcra başçısı Lənkəran rayonunda da bu işlərin sürətlə aparıldığınıdiqqətə çatdırdı. Taleh Qaraşov əlavə etdi ki, dövlət başçımızın son on ay ərzində imzaladığı 4 sərəncamla rayonumuzun sosial-iqtisadi inkişafı sahəsində işlər gündən-günə sürətlənir. Rayonumuz cənab Prezidentin gündəlik diqqət mərkəzindədir. Hazırda Lənkəran müasirləşir, yeniləşir. Mərkəzi Rayon Xəstəxanası Avropa standartları səviyyəsində yenidən qurulduqdan sonra avqust ayında əhalinin istifadəsinə veriləcək. Şəhərimizin problemlərindən birincisi təbii qazın tam verilməməsindən ibarət idi. Hazırda şəhərin tam qazlaşdırılması istiqamətində işlər sürətlə icra edilir. İlin sonunadək rayonumuzun qəsəbə və kəndləri 95 faiz mavi yanacaqla təmin ediləcək. Su-kanalizasiya sistemi müasir tələblərə cavab vermirdi. Bu, bizi ciddi düşündürür və narahat edirdi. İndi Lənkəranda 240 milyon manat dəyərində olan yeni su-kanalizasiya layihəsi yerinə yetirilir. Şəhərimizin 11 küçəsində bu istiqamətdə işlər icra edilir. Su-kanalizasiya sahəsində görülən işlərin böyük əksəriyyəti cari ilin sonunadək, yerdə qalan hissəsi isə 2014-cü ilin əvvəllərinədək öz həllini tapacaqdır. Çoxmərtəbəli yaşayış binalarının həyətlərində asfaltlaşdırma işlərini bu il başa çatdıracağıq. Eyni zamanda, yaşayış massivlərində uşaq əyləncə mərkəzlərinin tikintisi, xeyir-şər məclislərinin keçirilməsi üçün xüsusi yerlərin inşası nəzərdə tutulmuşdur. Yaşayış binalarının dam örtüklərinin yeniləri ilə əvəz olunması həyata keçiriləcəkdir. İstinad divarlarının müasir tələblərə cavab verməsi üçün işlər davam etdirilir. Xaricdən gətirilmiş yeni işıqlandırma dirəkləri şəhərimizin görkəminə xüsusi yaraşıq verəcək. Heydər Əliyev Xatirə parkı yenidən qurulandan, Gənclər Mərkəzinin tikintisi başa çatandan sonra park və mərkəz əhalinin əsl istirahət yerinə çevriləcək. Şəhərimizin park və xiyabanları müasir tələblərə uyğun səviyyədə yenidən qurulur. Yeni iş yerlərinin açılması istiqamətində lazımi tədbirlər görülür.
İcra başçısı görüş zamanı sakinlər tərəfindən qaldırılan təkliflərin ardıcıl olaraq öz həllini tapacağını, 2013-cü ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Lənkərana və lənkəranlılara göstərdiyi diqqət və qayğıya bütün sakinlərin əməli işi ilə cavab verəcəyini, oktyabr ayında keçiriləcək prezident seçkilərində hamının yekdilliklə Heydər Əliyev siyasi kursunun davamçısına səs verəcəyini əminliklə vurğuladı.

Keçidlər