HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ SEMİNAR KEÇİRİLDİ
Fevralın 15-də Heydər Əliyev Mərkəzində “İnzibati icraat haqqında hüquqi maarifləndirmə” mövzusunda seminar keçirildi. Lənkəran ŞİH-nin təşkilatçılığı ilə keçirilən seminara Şirvan İnzibati İqtisad Məhkəməsinin hakimləri, rayonda fəaliyyət göstərən hüquq-mühafizə, ərazi idarəetmə orqanlarının əməkdaşları, tibb, səhiyyə və təhsil müəssisələrinin, dövlət və qeyri-dövlət idarələrinin işçiləri qatılmışdı.
Tədbiri giriş sözü ilə ŞİH-nin hüquq şöbəsinin müdiri Fuad Əhədov açaraq seminarın mövzusu haqqında məlumat verdi.
Sonra Şirvan İnzibati İqtisad Məhkəməsinin hakimi Fikrət Mehdiyevin çıxışı dinlənildi. F.Mehdiyev ölkəmizin müstəqilliyinə qovuşduqdan sonra dövlət idarəçiliyinin sükanı arxasına keçən Ümummilli Lider Heydər Əliyevin insan hüquqlarının qorunmasına verdiyi yüksək dəyərdən, cəmiyyətdə ədalət prinsipinin aliliyinin təmin edilməsi sahəsində gördüyü mühüm işlərdən danışdı. Məhz bu işlər sayəsində ölkədə ali vətəndaş cəmiyyəti quruculuğunda irəliyə doğru addımların atıldığını, vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına nail olunduğunu diqqətə çatdırdı.
Daha sonra Şirvan İnzibati İqtisad Məhkəməsinin hakimi İxtiyar Abışov çıxış edərək seminarın mövzusu ilə bağlı gərəkli olan təlimatlardan, cəmiyyətdə vətəndaş və inzibati qurumlar arasında əməl olunması vacib olan prinsiplərdən söhbət açdı. İ.Abışov bildirdi ki, inzibati orqanlar inzibati icraat apararkən ali qanunvericilikdə qəbul olunmuş qanunları əsas tutmalı, vətəndaşla münasibətdə ədalətlilik, etimadın doğruldulması, qanunçuluq, hüquqların qorunması, bərabərlik, etimad hüququnun qorunması və digər bu kimi prinsiplərə riayət etməlidirlər.
Seminarda iştirakçıları maraqlandıran suallar hüquq müdafiəçiləri tərəfindən cavablandırıldı.
Tədbirdən sonra iştirakçılara Heydər Əliyev Mərkəzində gəzinti təşkil edilərək, burada fəaliyyət göstərən Heydər Əliyev muzeyi, bir sıra xidmətlər haqqında məlumat verildi.