Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA “DÖVLƏT – DİN MÜNASİBƏTLƏRİ VƏ MAARİFLƏNDİRMƏ İŞİ” MÖVZUSUNDA İKİ GÜNLÜK REGİONAL KONFRANS KEÇİRİLİR

15 fevral 2013 | 16:00

Fevralın 15-də Lənkəran şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi  və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə respublikamızın Cənub bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iki günlük regional konfrans öz işinə başlamışdır.
Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransın işində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, Cənub rayonlarının icra strukturları, eləcə də Qafqaz Müsəlmanları İdarəsi və QMİ Elmi-Dini Şurasının rəhbərliyi, digər rəsmi şəxslər, ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak edirdilər.
Əvvəlcə konfrans iştirakçıları Lənkəran şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzdə Ulu Öndərin abidəsi önünə əklil qoydular və sonra Şəhidlər Xiyabanını ziyarət etdilər.
Daha sonra konfrans “Şah” sarayında öz işinə başladı.
Azərbaycanın Dövlət Himni səsləndirildi.
Regional konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Lənkərandakı toplantının Azərbaycanın müxtəlif bölgələrində keçiriləcək analoji silsilə tədbirlərin ikincisi olduğunu diqqətə çatdırdı (ilk konfrans respublikamızın şimal bölgəsində, Oğuz rayonunda keçirilmişdir). Komitə sədri ölkəmizdəki dövlət-din münasibətlərindən ətraflı danışaraq bildirdi ki, müstəqillik əldə etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Dövlət Komitəsinin sədri bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd etdi və hazırda  ölkə Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin inkişafı üçün həyata keçirdiyi işlərdən danışdı.
Elşad İskəndərov son vaxtlarda dini icmalar və dindarları siyasiləşdirmə meyllərindən də danışaraq qeyd etdi ki, ölkəmizdəki sabitliyi pozmaq istəyində olan xarici qüvvələrin təsiri altında hərəkət edən bir sıra siyasi qruplar öz məqsədlərinə çatmaq üçün dini icmaları və dindarları öz oyunlarına alət etməyə çalışırlar. Ancaq biz inanırıq və əminik ki,  dini icmalar bu cür siyasi oyunların iştirakçısına çevrilməyəcəklər. Dini icmaların mütləq əksəriyyətinin dövlətçilik mövqeyindən çıxış etməsi bunu deməyə əsas verir.
E.İskəndərov çıxışının sonunda dövlətin din siyasətini həyata keçirən komitənin əsas fəaliyyət istiqamətlərindən birinin maarifləndirmə işi olduğunu önə çəkdi.
Daha sonra çıxış edən Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirdi ki, bu konfrans sayca ikinci olsa da, sonuncu deyil. İlk növbədə Dövlət Komitəsinə belə bir təşəbbüsü üçün bir daha təşəkkürümü bildirirəm. İnanıram  ki, bu cür tədbirlər ölkə dindarlarının  maarifləndirilməsi işində mühüm rol oynayacaq.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında belə bir tədbirin ölkəmizdə milli-mənəvi dəyərlərimizə verilən yüksək qiymət, dövlətimizin bu sahəyə olan diqqət və qayğısının təzahürü olduğunu diqqətə çatdırdı.
İcra başçısı qeyd etdi ki, ötən əsrin 90-cı illərinin əvvəllərində həyatımızın bütün sahələrində olduğu kimi, din sahəsində də xaos, hərc-mərclik hökm sürürdü. Yalnız 1993-cü ilin  ortalarında Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə ikinci qayıdışından sonra bu sahədə ciddi dönüşə nail olundu. 1996-cı ildə Dini Etiqad Haqqında Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edildi. Respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsi Ulu Öndərimizin adı ilə bağlıdır. Hazırda möhtərəm Prezidentimiz İlham Əliyev bu siyasəti çox ləyaqətlə davam və inkişaf etdirir.
Taleh Qaraşov daha sonra Lənkəran Şəhər İcra Hakimiyyətində dini komissiyanın fəaliyyət göstərməsindən, rayonumuzda 77 məscidin, 10 ziyarətgahın mövcud olmasından, 56 dini icmadan 28-nin dövlət qeydiyyatından keçməsindən danışdı. ŞİH-nin başçısı bəzi neqativ halların aradan qaldırıldığını, rayonumuzda missionerlərin fəaliyyətinin hiss olunmadığını, bu yaxınlarda Lənkəranda qarma-qarışıqlıq yaratmaq, təxribat törətmək istəyən qüvvələrə qarşı sağlam düşüncəli dindarların, ziyalıların və ictimaiyyətin nümayəndələrinin birgə fəaliyyətini xüsusi qeyd etdi.
İcra başçısı çıxışının sonunda bildirdi ki, bu gün hər bir Azərbaycan vətəndaşının borcu əldə edilmiş dövlət müstəqilliyimizi qoruyub möhkəmləndirməkdən, Azərbaycançılıq ideologiyasının daha da inkişaf etdirilməsinə öz töhfəsini verməkdən ibarət olmalıdır.
Konfransın işində iştirak edən Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin məsul işçisi Müzəffər Talıblı dövlət-din münasibətləri sahəsində həyata keçirilən tədbirlərdən danışdı, tarixi-milli ənənələrimizdən söz açdı, dinlərarası sivilizasiyanın inkişafından, Azərbaycanın tolerant dövlət olmasından, dövlət siyasətinin əsasında duran milli-mənəvi münasibətlərdən bəhs etdi.
Akademik Vasim Məmmədəliyev  və digər natiqlər də çıxışlarında Azərbaycanda din sahəsində maarifləndirmə prosesinin müasir tələblərə uyğunlaşdırılmasında regional konfransların mütəmadi keçirilməsinin zəruriliyindən söz açdılar.
Konfrans öz işini plenar iclaslarda davam etdirdi.
Qeyd edək ki, iki gün davam edəcək regional konfransda respublikanın 7 şəhər və rayonundan ümumilikdə 100-dən artıq nümayəndə iştirak edir. Tədbir çərçivəsində müxtəlif mədəni proqramların təşkili nəzərdə tutulmuşdur.

Keçidlər