LƏNKƏRAN RAYON AĞSAQQALLAR ŞURASININ 4-CÜ KONFRANSI KEÇİRİLDİ
Fevralın 6-da Lənkəran Şəhər İcra Hakimiyyətinin konfrans zalında rayon Ağsaqqallar Şurasının konfransı keçirilmişdir. Konfransda Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov başda olmaqla ŞİH-nin digər rəsmiləri, rayon ağsaqqalları, KİV-nin nümayəndələri iştirak etmişlər.
Konfransı giriş sözü ilə Lənkəran rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış etdikdən sonra hesabat məruzəsi ilə çıxış etmişdir.
Sonra çıxışlar başlamışdır. Lənkəran rayon Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli, Liman şəhər Ağsaqqallar Şurasının sədri Səyavuş Süleymanlı, rayon Ağsaqqallar Şurasının sədr müavini Mirhaşım Talışlı, Vilvan kəndinin ağsaqqalı İlyas Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Qəni Axundzadə və başqaları çıxış edərək rayonda aparılan geniş tikinti, abadlıq, quruculuq işlərindən razı qaldıqlarını, dövlətin dəstəklənməsi kimi son dərəcə mühüm işdə lənkəranlıların həmişə öndə getdiyini, rayonda ağsaqqal sözünə həmişə və hər yerdə böyük dəyər və önəm verildiyini bir daha vurğulamış, eyni zamanda son günlər respublikamızın bri neçə bölgəsində baş verən xoşagəlməz hadisələrdən narahatlıq keçirdiklərini diqqətə çatdırmış və hamını sapı özümüzdən olan baltaların fitnə-fəsadına, məkrli niyyətlərinə uymamağa çağırmışlar.
Konfransda çıxış edən ŞİH başçısı Taleh Qaraşov Lənkəranda ağsaqqallara göstərilən böyük hörmət və izzət hissindən məmnun olduğunu bildirmiş, ağsaqqal sözünə və məsləhətinə həmişə, bütün dövrlərdə böyük ehtiyac olduğunu vurğulamışdır.
İştirakçılar tərəfindən konfransın hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab olunmuşdur.
Konfransda həmçinin 25 nəfər Şura üzvü, 7 nəfərdən ibarət idarə heyəti və Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar qurultayına 2 nəfərdən ibarət nümayəndə seçilmişdir.
Kamal Kələntərli yenidən Lənkəran rayon Ağsaqqallar Şurasının sədri seçilmişdir.