HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ DƏYİRMİ MASA
Fevralın 2-də Heydər Əliyev Mərkəzində Gənclər günü münasibətilə “Milli düşüncə və müasir Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilmişdir. Heydər Əliyev İrsi Araşdırma Mərkəzinin, Gənclər və İdman İdarəsinin, Lənkəran Dövlət Universitetinin, Lənkəran Humanitar Kollecinin gənclər təşkilatının, Azərbaycan Gəncliyi İctimai Yardım Assosiasiyasının Lənkəran rayon nümayəndəliyinin, psixoloqların, rayonun bir qrup ziyalılarının və fəal gənclərinin iştirak etdiyi dəyirmi masanı giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Seyidzadə Şəfiyeva açmış, gəncləri bayram münasibətilə təbrik etmiş, xoş və səmimi arzularını ifadə etmişdir. Tədbirdə ölkəmizdə gənclər siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğu bir daha diqqətə çatdırılmış, gənclər siyasətinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanmışdır. Bildirilmişdir ki, bu gün ölkəmizdə gənclərin hərtərəfli inkişafı və fəaliyyət göstərməsi üçün hər cür şərait və imkan vardır. Tədbirdə gənclərlə bağlı bir çox məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılmış, qarşıda duran vəzifələrin həlli istiqamətində arzu və tövsiyələr səsləndirilmişdir. Dəyirmi masanı Mərkəzin direktoru S.Şəfiyeva yekunlaşdırmışdır.