LƏNKƏRANDA GƏNCLƏR GÜNÜ QEYD OLUNDU
2 fevral – Gənclər günü respublikamızın digər yerlərində olduğu kimi Lənkəranda da təntənə ilə qeyd olundu. Bu münasibətlə əzəmətli “Şah” şadlıq sarayında şənlik keçirildi. Şənlikdən əvvəl iştirakçılar Heydər Əliyev Mərkəzinə gələrək burada Ümummilli Liderin büstünü ziyarət etdilər, büstün önünə çiçək düzdülər.
Şənlikdə ilk olaraq Lənkəran Gənclər və İdman idarəsinin rəisi Yalçın Əhmədov çıxış edərək iştirakçıları salamladı, rayonda aparılan gənclər siyasəti və hazırda rayon gənclərinin sosial vəziyyəti haqqında məlumat verdi.
Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək tədbir iştirakçılarını salamladı, gəncləri bu əlamətdar gün münasibətilə təbrik etdi. Gənclər gününün təsis edilməsi ilə bağlı tarixə toxunan İcra başçısı bildirdi ki, ölkəmizdə gənclərə belə böyük dəyərin verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli Liderin 1997-ci ildə imzaladığı fərman ilə 2 fevral – Gənclər günü kimi qeyd olunmağa başlanmışdır. Əlbəttə, bu, hər şeydən əvvəl, Heydər Əliyevin gənclərə olan yüksək etimadı və güvənindən irəli gəlirdi. T.Qaraşov qeyd etdi ki, Heydər Əliyevin siyasi xəttində gənclərə olan yüksək diqqət və qayğı daim özünü bariz şəkildə göstərmişdir. Ulu Öndər hakimiyyəti illərində gənclərin ictimai-siyasi həyatda fəal rol oynamalarına xüsusi diqqət yetirərdi. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması bir tərəfdən Azərbaycan gəncliyinin vahid rəhbərlik altında birləşdirilməsi üçün düşünülmüşdüsə, digər tərəfdən gənclərin hərtərəfli dövlət qayğısı və dəstəyi ilə əhatə olunması üçün idi.
İcra başçısı bu gün də ölkədə gənclər siyasətinin uğurla davam etdirildiyini, gənclərin beynəlxalq səviyyədə təhsil almaları, onların həyatın müxtəlif sferalarında layiqincə təmsil oluna bilmələri üçün geniş və hərtərəfli imkanların yaradıldığını, dövlət idarəçilik sistemində gənclərin önə çəkildiyini və şəxsən cənab Prezident İlham Əliyev tərəfindən dəstəkləndiyini bildirdi. Bütün bunların isə, əlbəttə, Azərbaycan gəncliyinin daha yüksək, dövrün tələblərinə uyğun səviyyədə yetişmələri və ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil etmələri üçün əvəzsiz olduğunu vurğuladı.
Çıxışı zamanı Lənkəranda həyata keçirilən gənclər siyasəti və gənclərin sosial vəziyyəti məsələsinə də toxunan İcra başçısı qeyd etdi ki, bu gün rayonun və ölkənin ictimai-siyasi həyatında rayon gənclərinin göstərdiyi fəallıq onların hazırki səviyyəsinin kifayət qədər yüksək olduğunu söyləməyə əsas verir. Hazırda tikintisi başa çatmaqda olan Gənclər Mərkəzinin bu fəallığı daha da artıracağına və bu mərkəzin rayon gənclərinin mənəvi istirahət yerinə çevriləcəyinə inandığını söylədi. İcra başçısı gənclərə gələcək fəaliyyətlərində daha böyük uğur qazanmaları üçün bir sıra tövsiyələr verərək bildirdi ki, bunun üçün hər bir gənc ilk növbədə sahib olduğu milli-mənəvi dəyərlərə daim ehtiramla yanaşmalı, vətənpərvərlik duyğusunu bütün hisslərdən üstün tutmalı, ona güvənən xalqının etimadını doğrultmalıdır.
Çıxışının sonunda Taleh Qaraşov gəncləri qarşıdan gələn prezident seçkilərində fəal olmağa səslədi. Bu işdə lənkəranlı gənclərin düzgün seçim edərək xalqın qayğıkeş oğlu, bacarıqlı və uzaqgörən siyasətçi cənab Prezident İlham Əliyevə səs verəcəklərinə inandığını vurğuladı.
Daha sonra rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup gəncə ŞİH-nin fəxri fərmanları təqdim olundu.
Rayon gəncləri adından Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova üzərində “Lənkəran gənclərinin yaxın dostu” yazılmış Lənkəran xalçası hədiyyə edildi.
Şənlik proqrama uyğun olaraq müxtəlif əyləncəli çıxışlarla davam etdi.
Aparıcılar gəncliyə həsr olunan şeirlər səsləndirdilər.
Tədbirə dəvət olunan müğənnilər müxtəlif musiqi nömrələri ifa etdilər.
Maraqlı keçən şənlik boyu gənclər musiqi sədaları altında rəqs edərək əyləndilər.