GƏRMƏTÜK QƏSƏBƏSİNDƏ HESABAT YIĞINCAĞI
Yanvarın 30-da Gərmətük qəsəbəsinin və Velədi kəndi sakinlərinin iştirakı ilə inzibati ərazi dairəsinin illik hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra başçısının müavinləri, hüquq-mühafizə orqanlarının, bir sıra xidmət idarələrinin rəhbərləri iştirak ediblər.
Gərmətük inzibati ərazi dairəsinin nümayəndəsi Vadim Qasımov hesabat məruzəsi ilə çıxış etmiş və əraziyə daxil olan Gərmətük və Velədi kəndlərinin əhalisi, onların məşğuliyyəti, 2012-ci ildə ərazidə görülmüş işlər barədə geniş məlumat verməklə bərabər bir sıra problemləri diqqətə çatdırıb.
Gərmətük bələdiyyəsinin sədri Vüqar Rzayev ötən il ərazidə görülmüş abadlıq-quruculuq işləri barədə danışıb, 2013-cü ildə görüləcək bir sıra işlər haqqında məlumat verib.
Sakinlərdən Sərhad Məmmədov, Beytulla Cəfərov, Mahizər Səfərova, Tünzalə Xosrofova çıxış edib ölkədə gedən sürətli sosial-iqtisadi inkişaf proseslərini dəstəklədiklərini və 2012-ci ilin respublikamızın, o cümlədən Lənkəran rayonunun ictimai-siyasi həyatında əlamətdar il olacağını qeyd edərək 2013-cü ildə keçiriləcək növbəti prezident seçkilərində bir nəfər kimi dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərinə söz veriblər. Hesabat yığıncağında sakinlər tərəfindən qaz xəttinin çəkilişi, yolların təmiri ilə bağlı bir sıra təkliflər irəli sürülüb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov hesabat yığıncağında çıxış edərək 2012-ci ildə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə qazanılan uğurlardan söz açıb, 2013-cü ildə qarşıda duran mühüm vəzifələri hesabat iştirakçılarının diqqətinə çatdırıb.
İcra başçısı ötən il rayonun ictimai-siyasi, mədəni və idman həyatında qazanılmış nailiyətləri sadalamış, 2013-cü ilin investisiya proqramında bir sıra sosial infrastruktur layihələrin nəzərdə tutulduğunu, qazlaşdırma prosesinin ilin axırınadək həll ediləcəyini, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində təmir-tikinti işlərinin sürətlə yerinə yetiriləcəyini əminliklə vurğulayıb.
Taleh Qaraşov 2013-cü ildə ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar insanların siyasi fəallığının artdığını qeyd edərək son günlərin hadisələrinə də münasibət bildirib. Ulu Öndər Heydər Əliyevin ardıcıl səyləri ilə yaradılmış, cənab Prezident İlham Əliyevin yorulmaz fəaliyyətilə daha da möhkəmlənmiş siyasi sabitliyi, əminamanlığı, vətəndaş həmrəyliyini pozmağa çalışan bəzi qüvvələrə qarşı rayon ictimaiyyətinin qətiyyətli etirazını yüksək qiymətləndirib və Gərmətük qəsəbə İcra nümayəndəsindən və bələdiyyə sədrindən ərazidə sabitliyi pozmağa çalışan qüvvələrə qarşı barışmaz olmağı edib.
Taleh Qaraşov çıxışının sonunda 2013-cü ildə keçiriləcək prezident seçkilərində ərazidə yaşıyan sakinlərin yüksək siyasi fəallıq nümayiş etdirəcəyinə, Azərbaycanın daha xoşbəxt gələcəyi naminə dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərinə əmin olduğunu söyləyib.