20 YANVAR FACİƏSİ QURBANLARININ XATİRƏSİ ANILDI
20 Yanvar faciə qurbanlarının 23-cü ildönümü – ümumxalq hüzn günü respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da böyük ehtiramla yad edildi. Həmin gün səhər saatlarından Şəhidlər Xiyabanında böyük izdiham var idi.
Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Şəhidlər Xatirə Kompleksinin önünə əklil qoydu.
Daha sonra ümumxalq ziyarəti başlandı. Ziyarətə gələnlər – İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə ictimaiyyətin nümayəndələri kompleksin önünə gül-çiçək dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad etdilər.
Qeyd edək ki, həmin gün rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirildi, Bakı vaxtı ilə saat 12-00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, nəqliyyat vasitələrində səs siqnalları verildi.