Lənkəran ictimaiyyəti Ümummilli Lideri hörmət və ehtiramla yad ediblər
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Lənkəran rayonunda təşkil olunan silsilə tədbirlər mayın 10-da da davam etdirilib. Səhər saatlarından başlayaraq rayon ictimaiyyəti Lənkəran şəhərinin mərkəzi meydanında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, onun əziz xatirəsini böyük hörmət və sonsuz minnətdarlıq hissləri ilə anıblar.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra hakimiyyətinin işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, habelə rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri Ulu Öndərin abidəsi önünə tər gülllər düzüb, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinin əks olunduğu foto stendə baxış keçirilib. Tədbirin davamı kimi Lənkəran şəhər Mədəniyyət Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunan video çarx nümayiş olunub. İzləyicilərə təqdim olunan video çarxda dahi şəxsiyyətin həm sovet, həm də müstəqillik illərində üzərinə düşən xilaskarlıq missiyasının öhdəsindən böyük məharətlə gələrək adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdığı fikri konkret tarixi faktlarla izah olunub. Ulu Öndərin müəyyən etdiyi siyasi kursun hazırda onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanın müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət mərhələsinə qədəm qoyduğu və yeni geosiyasi reallıqlar yaradan ölkəyə çevrildiyi tezisi fundamental arqumentlərlə əsaslandırılıb. Ümummilli Liderin müasir, güclü və daim tərəqqidə olan Azərbaycan amalı onun layiqli davamçısı tərəfindən Ata Vəsiyyəti kimi yerinə yetirilib. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində tarixi Zəfərə imza atılması “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikrinin reallıqdakı inikasıdır.
Ümummilli Liderin həyat və fəaliyyətinin geniş şəkildə işıqlandırılmasından sonra tədbir konsert proqramı ilə davam etdirilib.