Separadi və Tükəvilə sakinləri İcra başçısının səyyar qəbulundan məmnunluqlarını ifadə etdilər
Vətəndaşlara xidmət və onların müraciətlərinə həssas münasibət göstərilməsi cənab Prezident İlham Əliyev tərəfindən bütün dövlət məmurları qarşısında qoyulan prioritet məsələlərdəndir. Hər bir dövlət qurumunun fəaliyyətinin aynası hesab olunan bu işin daha dərin fəlsəfəsi vətəndaş məmnuniyyəti və müvafiq sahədə həyata keçirilən dövlət siyasətinin verdiyi imkanlardan insanların bəhrələnməsinin təmin olunmasıdır. Bu məqsədlə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü mayın 4-də Separadi və Tükəvilə kəndlərinin sakinləri ilə keçirdi. Səyyar qəbul-görüşdə İcra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri iştirak ediblər.
T.Qaraşov giriş nitqində dövlətimizin başçısının göstəriş və tövsiyələrinə uyğun olaraq vətəndaşların müraciətlərinə həssas yanaşılması istiqamətində məmurların yerlərdə insanlarla üzbəüz dialoq qurulmasının önəmini qeyd etdi. Ölkə başçısının uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının dayandığını vurğulayan natiq eyni zamanda bildirdi ki, sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurla davam etdirilməsi, habelə əhəmiyyətli dərəcədə genişlənməsi və sosial təminat sisteminin dəfələrlə güclənməsi sözügedən məqsədə xidmət edir. İcra başçısı şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarının qayğı və problemləri ilə yaxından maraqlandı, onların həlli istiqamətində yerində göstərişlərini verdi. Kənd əhalisinin qaldırdığı bütün müraciətlər həssaslıqla dinlənildi, onların həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verildi. T. Qaraşov yerli insanları narahat edən heç bir məsələyə biganə qalınmayacağını və qaldırılan məsələlərin həlli ilə bağlı vətəndaşlara qanunamüvafiq müddətdə cavablar veriləcəyini qeyd etdi. İcra başçısı dövlət və vətəndaş arasında münasibətlərin və qarşılıqlı etimadın əyani vasitəsi olan vətəndaş müraciətlərinə baxılmasında şəffaflığın və nəzarətin gücləndirilməsinin xüsusi önəm kəsb etdiyini vurğuladı.
Kənd əhalisi hər kəsə fikir və istəklərini sərbəst şəkildə söyləyə bildikləri üçün yaradılan şəraitə görə məmnuniyyətlərini və təşəkkürlərini ifadə etdilər. Separadi və Tükəvilə sakinləri çıxışlarında dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildirdilər və buna görə onlara minnətdarlıqlarını ifadə etdilər.