Lənkəranın icra başçısı növbəti səyyar qəbulu Haftoni qəsəbəsində keçirdi
Vətəndaşla dövlət arasında qarşılıqlı etimadın və inamın davamlı olması üçün məmurlarla insanların birbaşa və sərbəst dialoq qura bilməsi mühüm əhəmiyyət kəsb edir. Lənkəran ŞİH başçısı cənab Taleh Qaraşovun da yerlərdə səyyar qəbul-görüşlərinin keçirilməsi insanların gündəlik qayğı və problemlərinin öyrənilməsinə, onları narahat edən məsələlərin yerində araşdırılmasına, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olmaq məqsədini daşıyır. Təqvim planına uyğun olaraq 27 apreldə İcra başçısı ilə birgə İcra hakimiyyəti aparatının məsul şəxslərinin, hüquq- mühafizə orqanlarının rəhbərlərinin, eyni zamanda yerli idarə və müəssisələrin nümayəndələrinin iştirakı ilə növbəti səyyar qəbul-görüş Haftoni qəsəbəsində baş tutdu. Vətəndaşların maneəsiz, könüllü şəkildə fikir və istəklərinin rayon rəhbərliyinə çatdırılmasına tam şəraitin yaradıldığı qəbul-görüşdə Lənkəran ŞİH başçısı bildirdi ki, heç bir müraciət diqqətdən kənar qalmır və qaldırılan bütün məsələlər şəxsən onun nəzarəti altındadır.
Şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına qarşı hər zaman həssaslığı ilə seçilən T.Qaraşov onların hər biri ilə yaxından maraqlandı, istək və qayğılarını yerində dinlədi, qaldırılan məsələlərin yerində həllindən ötrü göstəriş və tapşırıqlarını verdi.
Beynəlxalq səviyyədə baş verən siyasi prosesləri analiz edən natiq bildirdi ki, bu gün dünya dövlətləri global ərzaq təhlükəsizliyi ilə mübarizəyə xüsusi diqqət göstərirlər. Yerlərdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün gərəkli olan bütün imkanların olduğunu diqqətə çatdıran İcra başçısı ictimai və ev təsərrüfatları istehsalının qurulması üçün işçi qüvvəsinin,əmək vasitələrinin təminatında heç bir problemin olmadığını qeyd etdi.
Vaxtı ilə qəsəbədə şəraitsizlikdən məktəbin həyətində keçirilən görüşlər barədə danışan İcra başçısı qeyd etdi ki, yeni və müasir standartlara cavab verən məktəb binasının Heydər Əliyev Fondunun maliyyə dəstəyilə tikilib istifadəyə verilməsi Prezident İlham Əliyevin və eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yerli sakinlərə xüsusi qayğısının təzahürüdür.
Yerli insanlar qlobal ərzaq qıtlığının tüğyan etdiyi dövrdə ölkəmizdə bu sahədə heç bir problemin olmamasının dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərinin nəticəsi olduğunu vurğuladılar, xalqın hər bir fərdinin qayğılarına doğmalıqla yanaşdıqlarına görə onlara səmimi minnətdarlıqlarını bildirdilər.