Lənkəranın Hirkan qəsəbəsində şəhid adına xatirə bulağı açılıb
6 aprel 2022-ci il tarixdə Lənkəran rayonunun Hirkan qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Ağayev Rusif İbrahim oğlunun xatirəsinə tikilmiş bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib. Mərasimdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra hakimiyyətinin rəsmi şəxsləri, şəhid ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib. İlk öncə İcra başçısı və mərasim iştirakçıları xatirə bulağı önünə tər çiçəklər düzərək bir daha şəhidin ruhuna ehtiramlarını ifadə ediblər. Sonra İcra başçısı mərasimdə çıxış edərək 2016-cı ilin Aprel döyüşlərinin Ali Baş Komandan, cənab İlham Əliyevin mahir sərkərdəlik bacarığı ilə Azərbaycan Milli Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin əsasını qoyduğunu bildirib. O, igid əsgərlərimizin bu döyüşlərdəki qəhrəmanlığını nəsillərə örnək göstərərək bildirib ki, məhz Aprel döyüşləri zamanı rəşadətli əsgərlərimizin vətənpərvərlik ruhu torpaqlarımızı işğal altında saxlamağa çalışan düşmən qüvvələrini həm cismani, həm də mənəvi cəhətdən sarsıdıb məhvə məhkum edib. Aprel döyüşlərinin torpaqlarımızın azad olunması yolunda işğalçı düşmənə qarşı aparılan mübarizə tarixinin parlaq səhifəsi olduğunu və bu səhifəni qəhrəman oğullarımızın öz qanları və canları ilə yazdıqlarını, Rusif Ağayevin də belə igidlərdən olduğunu xüsusi vurğulayıb. İcra başçısı şəhidin valideynlərinə müraciət edərək Vətənini sevən, onun yolunda canından keçən qəhrəman övlad yetişdirdiklərinə görə onlara təşəkkürünü çatdıraraq Rusifin və bütün şəhidlərin xalqımız üçün unudulmaz olduqlarını və xatirələrinin hər zaman əziz tutulacağını diqqətə çatdırıb. Mərasimdə çıxış edən şəhid atası və digər natiqlər ölkə Prezidentinin uğurla həyata keçirdiyi inkişaf kursunu, xalqın rifahının yaxşılaşdırılması ilə bağlı gördüyü işləri ürəkdən bəyəndiklərini, xüsusilə torpaqların işğaldan azad olunması yolunda canlarından keçmiş şəhidlərin Vətən qarşısındakı xidmətlərinin yüksək dəyərləndirilməsinə və xatirələrinin əbədiləşdirilməsi ilə bağlı davamlı işlərin görülməsinə görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına təşəkkür dolu minnətdarlıqlar səsləndiriblər. Mərasimdə məktəblilərin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya ifa olunub.
Bulağın açılışı şəhidin anım gününə təsadüf etdiyindən İcra başçısı və tədbir iştirakçıları qəsəbə qəbiristanlığına baş çəkib şəhidin qəbrini ziyarət edib üzərinə tər çiçəklər düzməklə bir daha ehtiramlarını ifadə ediblər. Sonra din xadimlərinin iştirakı ilə onun və cəmi şəhidlərin ruhuna dualar oxunub.