Lənkəranda Azərbaycanlıların soyqırımı qurbanları ehtiramla yad edildi
Müstəmləkə əsarətindən azad olmaq üçün Azərbaycan xalqı əsrlər boyu milli azadlıq mübarizəsi aparıb. Bu mübarizələrdə xalqımızın tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, acı müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri də 1918-ci ilin mart-aprel aylarına təsadüf edib. Həmin dövrdə Bakıda, Naxçıvanda, Qarabağda, Gəncədə, Qubada, Lənkəranda və digər yerlərdə tarixi düşmənlərin məkrli niyyətləri ilə azərbaycanlılara qarşı dəhşətli qırğınlar törədilib. Bu dəhşətli qırğınlar zamanı günahsız insanlar, qadınlar, qocalar və uşaqlar kütləvi şəkildə gülləbaran edilib, evləri ilə birlikdə yandırılaraq dəhşətli əzablara düçar olunublar. Eyni zamanda onlar dəfələrlə deportasiya olunaraq ata-baba yurdlarında azad yaşamaq hüququndan məhrum ediliblər. Totalitar sovet rejimi dövründə bu hadisələrin araşdırılmasına heç vaxtı icazə verilməyib və müxtəlif repressiyalar, ciddi qadağalarla bunun qarşısı alınıb. Yalnız Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə bu faciləli hadisələrə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Həmin fərmanla hər il 31 mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Bununla əlaqədar ölkəmizin hər yerində olduğu kimi Lənkəranda da müxtəlif səpgili tədbirlər, anım mərasimləri keçirilir. Martın 31-də Lənkəran şəhərində Soyqırım qurbanları parkındakı “Ana” abidəsi önündə bu dəhşətli hadisələrin 104-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib. Mərasimdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra hakimiyyətinin rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrin rəhbərləri, əmək kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İcra başçısı və mərasim iştirakçıları abidə önünə tər çiçəklər düzərək soyqırım qurbanlarının xatirəsini bir daha ehtiramla anıblar. Mərasimdən sonra İcra başçısı və tədbir iştirakçıları Lənkəran Dövlət Dram Teatrında 31 mart-Azərbaycanlıların soyqırımı qurbanlarına həsr olunmuş tamaşanı seyr ediblər.