Lənkəranda İcra başçısı şəhid ailələri və qazilərlə görüşdü
Lənkəran şəhərində Novruz bayramı ilə əlaqədar şəhidlərə həsr olunmuş ümumrayon tədbiri keçirilib. İcra başçısı başda olmaqla İcra aparatının rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid anaları və döğmaları, 44 günlük Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri Şəhidlər xatirə abidə kompleksini ziyarət edib əbədi məşəlin önünə tər çiçəklər düzərək Vətən uğrunda canından keçmiş şəhidlərin ruhuna sonsuz ehtiramlarını ifadə ediblər. Ziyarət zamanı şəhidlərin ruhuna dualar səsləndirilib. Sonra rayonun Gərmətük qəsəbəsində yerləşən möhtəşəm “Şah” sadlıq sarayında məxsusi olaraq şəhid ailə üzvləri, Qarabağ müharibəsi qaziləri üçün təntənəli Novruz bayramı şənliyi keçirilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən şənlikdə qonaqlar üçün geniş çeşiddə çay dəstgahı, şirniyyat, müxtəlif cür meyvə və digər təamlarla bəzədilmiş bayram süfrəsi açılıb. İcra başçısının müvafiq sərəncamı ilə şəhid ailələrinin və qazilərin maddi-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə tədbir günü I və II Qarabağ müharibəsi şəhid ailələrinin və 44 günlük Vətən müharibəsi qazilərinin bank hesablarına büdcədənkənar vəsait hesabına ümumilikdə 85 min manat vəsait köçürülüb. Tədbirdə ilk öncə bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi anılıb. Sonra İcra başçısı Taleh Qaraşov tədbiri açaraq iştirakçıları salamlayıb onları Novruz bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fədakar səyləri sayəsində YUNESKO tərəfindən Azərbaycan xalqının milli bayramı kimi bəşəriyyətin qeyri-maddi irs siyahısına daxil edilmiş Novruz bayramının Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən gözəl nümunələrindən olduğunu qeyd edən İcra başçısı 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin mahir sərkərdəliyi ilə düşmən üzərində qazandığı tarixi Zəfərdən sonra xalqımızın bu bayramı daha şux, alnı-açıq və böyük sevinc hissi ilə keçirdiyini diqqətə çatdırıb. T.Qaraşov Novruz bayramı tədbirlərinin artıq işğaldan azad olunmuş torpaqlarda, xüsusilə qədim Şuşa şəhərində keçirilməsindən duyulan sonsuz sevinc və fərəhə görə xalqımızın məhz Müzəffər Ali Baş Komandana, rəşadətli Azərbaycan Ordusuna, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizə, yaralı qazilərimizə minnətdar olduğunu xüsusi vurğulayıb. Şəhidlərin ruhu və şəhid anaları qarşısında hər zaman baş əydiyini bildirən İcra başçısı ölkə Prezidentinin şəhid ailələrinə və qazilərə qayğı ilə bağlı verdiyi tapşırıqların icrasından ötrü bundan sonra da lazımi tədbirlərin görüləcəyini, onların arzu və istəklərinin yerinə yetiriləcəyini bildirib. Tədbirdə çıxış edən şəhid valideynləri, döğmaları və qazilər onlara göstərilən davamlı diqqətə və şəhidlərin Vətən qarşısındakı xidmətlərinə verilən yüksək qiymətə görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya ən səmimi təşəkkürlərini ünvanlayıblar. C.Cabbarlı adına Lənkəran 1 saylı uşaq musiqi məktəbinin müəllim və şagird kollektivinin ifasında konsertlə müşaiyət olunan şənlikdə xalq musiqisi fonunda vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib, şeirlər oxunub.