LƏNKƏRANDA XOCALI SOYQIRIMININ 30-CU İLDÖNÜMÜ QEYD OLUNUB
Fevralın 26-da Lənkəran şəhərində azərbaycanlıların soyqırımı qurbanları xatirə parkındakı "Ana heykəli" qarşısında Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, və gənclər abidəni ziyarət edib önünə gül-çiçək dəstələri düzərək, faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun rayonun idarə, müəssisə və təşkilatlarında, Heydər Əliyev Mərkəzində, Lənkəran Dövlət Universitetində, orta ixtisas və ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında, klub və kitabxanalarda Xocalı soyqırımına həsr edilmiş dərslər, anım tədbirləri, xatirə gecələri, rəsm və kitab sərgiləri, foto-stendlər nümayiş etdirilib, faciə qurbanlarının xatirəsi ehtiramla yad olunub.