Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın Ürgə kəndində şəhidlərin xatirəsinə bulaq-abidə kompleksi tikilib

24 fevral 2022 | 16:00

        Fevralın 24-də Lənkəran rayonunun Ürgə kəndində şəhidlərin xatirəsinə tikilmiş bulaq-abidə kompleksinin açılışı olub. Ürgə kəndi Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində ümumilikdə 5 şəhid verib. Onlardan Zamanov Teymur Cəlal oğlu I Qarabağ müharibəsində, polkovnik-leytenant Şirvanov Mehman Mirəziz oğlu, İbadlı Araz Babəli oğlu, İbadzadə Zabil Fikrət oğlu və Mirzəhüseynov Natiq Balamirzə oğlu 44 günlük Vətən müharibəsində şəhid olublar. Bulaq abidə kompleksinin açılış mərasimi şəhid polkovnik-leytenant Şirvanov Mehman Mirəziz oğlunun doğum gününə təsadüf edib. Polkovnik-leytenant Şirvanov Mehman 44 günlük Vətən müharibəsində böyük şücaət və qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlib. Ölkə Prezidentinin fərmanı ilə şəhid polkovnik-leytenantın əsgəri rəşadəti yüksək qiymətləndirilərək “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub. Bulaq abidə kompleksinin açılış mərasimində Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra aparatının rəhbər işçiləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi qaziləri, kənd ictimaiyyəti və Ürgə kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib. İcra başçısı və mərasim iştirakçıları abidə kompleksi önünə tər çiçəklər düzərək şəhidlərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. İcra başçısı mərasimdə çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində erməni faşist ordusunu darmadağın edərək qazandığı qələbənin tarixi əhəmiyyətindən danışıb. Natiq bu tarixi qələbənin əldə olunmasında lənkəranlı gənclərin də həmvətənləri ilə çiyin-çiyinə vuruşduqlarını və vətən torpaqlarının düşmən işğalından azad olunması naminə əsil vətənpərvərlər kimi canlarından keçdiklərini xüsusi qeyd edib. Bu qəhrəmanlığın nəsillərə əbədi nümunə olduğunu söyləyən İcra başçısı hər bir gənci bu parlaq nümunəyə layiq olmaq üçün Vətəninə, xalqına və dövlətinə sədaqətlə xidmət etməyə çağırıb.  Rayonda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı görülən işləri yüksək dəyərləndirən İcra başçısı  belə təşəbbüslərin gənc nəslin vətənpərvər ruhda tərbiyələnməsində misilsiz əhəmiyyəti olduğunu diqqətə çatdırıb. Tədbirin sonunda İcra başçısı şəhid polkovnik-leytenantın və digər şəhidlərin ailə üzvləri və doğmaları ilə bir daha görüşüb söhbət edib, qayğıları ilə yaxından maraqlanıb. Şəhidlərin ailə üzvləri  onlara göstərilən davamlı diqqətə görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.Tədbirin sonunda məktəblilərin ifasında şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Keçidlər