Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının yeni sədri rayon ictimaiyyətinə təqdim olundu
Lənkəran şəhəri, Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH başçısı Taleh Qaraşov və YAP Lənkəran rayon təşkilatına yeni sədr təyin olunan İqbal Əmənullayev rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə görüş keçiriblər.
Keçirilən görüşdə İcra başçısı Taleh Qaraşov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının şərəfli, zəngin inkişaf yolu keçdiyini bildirib. Ölkəmizin ən böyük aparıcı partiyası olan Yeni Azərbaycan Partiyası avanqard siyasi qüvvə olaraq ölkədə aparılan bütün mütərəqqi və məqsədyönlü işlərin önündə getmiş, Azərbaycanın siyasi sisteminə hər zaman yeniliklər gətirmiş və bu sahədə böyük uğurlara imza atmışdır. Natiq Ulu Öndər Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı sayəsində Yeni Azərbaycan Partiyasının ölkədə ən böyük və effektiv siyasi qüvvəyə çevrildiyini xüsusi vurğulayıb. Taleh Qaraşov İqbal Əmənullayevi YAP Lənkəran rayon təşkilatının sədri təyin olunması münasibətilə təbrik edərək, gələcək işlərində uğurlar arzulayıb.
YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev öz çıxışında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinə, partiyanın çoxsaylı üzvlərinə və rayon rəhbərliyinə təşəkkür edərək ona göstərilən etimadı doğruldacağına, partiyanın nüfuzunun daha da artırılması üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə söz verib.
Tədbirdə çıxış edən digər natiqlər də İqbal Əmənullayevə YAP Lənkəran rayon təşkilatının sədri təyin olunması münasibətilə təbriklərini çatdıraraq bu şərəfli və məsuliyyətli vəzifənin icrasında ona uğurlar arzulayıblar.