Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ KANADALI QONAQLARLA GÖRÜŞ

17 yanvar 2013 | 16:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yanvarın 16-da Kanadanın Toronto Universitetinin professoru Robert Austinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İcra Hakimiyyətinin konfrans zalında qonaqları salamlayan Taleh Qaraşov bildirdi ki, Toronto Universiteti dünya elminə böyük töhfələr verib. Bu universitetlə Azərbaycanın elm və təhsil ocaqlarının, xüsusilə Lənkəran Dövlət Universitetinin əməkdaşlığı LDU-nun gələcək fəaliyyətində mühüm rol oynayacaq.
T.Qaraşov daha sonra qonaqlara Lənkəran rayonunun qədim tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında geniş məlumat verdi, rayonumuzun mətbəxi, böyük ziyalı və turizm potensialına malik olması barədə danışdı, ölkəmizdə həyata keçirilən genişmiqyaslı proqram və layihələrdən, təhsil sahəsində həyata keçirilən islahatlardan söz açdı, Azərbaycanda turizmin inkişafı ilə bağlı hazırlanan proqramlardan, son 1 il ərzində Lənkəran rayonuna 10 minə yaxın xarici turistin gəlməsindən ətraflı bəhs etdi.
Dövlətimizin azərbaycanlı gənclərin bir sıra inkişaf etmiş xarici dövlətlərin universitetlərində təhsil almaları üçün xüsusi proqramların yerinə yetirdiyini diqqətə çatdıran İcra başçısı Toronto Universitetində hazırda 70 nəfər azərbaycanlı gəncin təhsil aldığını qeyd etdi, onların gələcəkdə hərtərəfli biliyə malik olan mütəxəssislər kimi yetişəcəyini əminliklə vurğuladı.
Toronto Universitetinin professoru Robert Austin səmimi qəbula və mehriban qonaqpərvərliyə görə İcra başçısına minnətdarlıq etdi. Belə gözəl diyarda olmaqdan, dünya şöhrətli Lənkəran çayını içməkdən məmnun olduğunu söyləyən professor səfərin əsas məqsədinin Toronto Universitetində təhsil alan tələbələrin Azərbaycanı yaxından tanımalarına xidmət etdiyini diqqətə çatdırdı.
Görüşdə iştirak edən həmyerlimiz, rayonumuzun Boladi kənd sakini, Kanada-Azərbaycan Araşdırmalar İnstitutunun təsisçisi, Kanadanın Vaterloo Universitetinin professoru İlham Axundov qeyd etdi ki, nümayəndə heyətinə daxil olan tələbələr arasında Azərbaycan təəssüratları haqqında iyirmi səhifəlik tezislər hazırlamaq nəzərdə tutulmuşdur.
Sonra nümayəndə heyətinə daxil olan bir qrup tələbə Lənkəran Dövlət Universiteti ilə tələbə mübadiləsinin aparılması, geosiyasət, Azərbaycanın mədəniyyəti, beynəlxalq turizm əlaqələri, Azərbaycanda xarici investisiya qoyuluşu, qeyri-neft sektorunun inkişafı, Azərbaycanın Avropa ölkələri ilə əlaqələri barədə suallarla müraciət etdilər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov tələbələri maraqlandıran suallara ətraflı cavab verdi.
Sonda T.Qaraşov maraqlı keçən görüşə görə nümayəndə heyətinə minnətdarlığını bildirdi və qonaqlara Lənkəran xalısı hədiyyə etdi.
 

Keçidlər