Lənkəranda Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi işləri davam etdirilir
Vətən torpaqlarının işğaldan azad olunması ilə başa çatmış 44 günlük müharibədə lənkəranlı gənclər də yüksək əsgəri rəşadət və igidlik nümayiş etdiriblər. Azğın düşmənə qarşı qanlı döyüşlərdə onların bir çoxu qəhrəmancasına şəhid olub, bəziləri ağır yaralanıblar. Lənkəranlılar şəhidlərin xatirəsini həmişə ehtiramla yad edib adlarını əbədiləşdirmək üçün görülən işlərdə yaxından iştirak edirlər. Belə şəhidlərdən biri də rayonun ucqar dağ kəndi olan Daşdatükdə böyüyüb boya-başa çatmış Babazadə Ülfət Qabil oğlu olub. 2019-cu ildən xüsusi təyinatlı qüvvələrdə müddətdən artıq xidmət etmiş Ülfət Babazadə Vətən müharibəsinin ilk dəqiqələrindən döyüşlərə atılaraq Füzuli, , Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa rayonlarının azad olunmasında cəsur əsgər kimi iştirak edib. O, müharibənin bitməsinə 6 saat qalmış Şuşa şəhərinin yaxınlığında qəhrəmancasına həlak olub şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Ülfət Babazadə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Dekabrın 27-də şəhid Babazadə Ülfət Qabil oğlunun doğma kəndi Daşdatükdə xatirəsinə mənzərəli təbiət guşəsində yaradılmış, mərkəzində xatirə bulağı və abidə kompleksinin qurulduğu parkın açılışı olub. Parkın açılış mərasimində Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, şəhid anaları və valideynləri, Qarabağ qaziləri, kənd ictimaiyyəti, şəhidin döyüş yoldaşları iştirak ediblər. Tədbir zamanı abidə-kompleksi önünə tər çiçəklər düzülüb və şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edilib. İcra başçısı mərasimdə çıxış edib 44 günlük Vətən Müharibəsində silahlı qüvvələrimizin əsgər və zabitlərinin cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə misilsiz şücaət göstərdiklərini, düşmən qüvvələrini məhv edib torpaqlarımızı işğaldan azad edib qanları ilə şərəfli tarix yazdıqlarını bildirib. İcra başçısı qeyd edib ki, şəhid və qazilərin Vətən qarşısında xidmətləri dövlətimiz və xalqımız tərəfindən daim yüksək dəyərləndirilir. Natiq lənkəranlıların hər zaman torpaqlarımızın azad olunmasında övladlarının, doğmalarının göstərdikləri əvəzsiz xidmətlərdən qürur duyduqlarını diqqətə çatdıraraq şəhidlərin heç vaxt unudulmayacağını, xatirələrinin əziz tutulacağını bildirib. Mərasimdə çıxış edən şəhid atası Qabil kişi və digər natiqlər şəhid adının əbədiləşdirilməsinə, şəhid ailələrinə və qazilərə göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürdolu səmimi minnətdarlıq ünvanlayıblar. Sonra məktəblilərin ifasında şəhidlərə həsr olunmuş şerlər səsləndirilib. Sonda qonaqlar və mərasim iştirakçıları şəhid bulağından su içib xatirə şəkli çəkdiriblər.