Kaliforniyalı qonaq Lənkəranda
2010-cu ildə Lənkəranla qardaşlaşmış ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin sakini, Monterey-Lənkəran Assosiasiyasının sədri, xanım Nensi Selfric ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva müşaiyyəti ilə növbəti dəfə Lənkərana dostluq səfərinə gəlib. Azərbaycan xalqına qarşı dərin rəğbəti ilə seçilən və hər iki ölkənin xalqları arasında mehriban dostluq və anlaşmanın möhkəmlənməsində xüsusi xidmətləri olan Nensi Selfric dekabrın 20-də Lənkəran ŞİH başçısı Taleh Qaraşov tərəfindən qəbul edilib. Qəbul zamanı hörmətli qonağı salamlamaqdan məmnun olduğunu bildirən İcra başçısı ABŞ-Azərbaycan əlaqələrinin dinamik inkişafının hər iki ölkənin xalqlarının mənafeyinə uyğun olduğundan razılıqla qarşılandığını qeyd edərək belə qarşılıqlı səfərlərin bu əlaqələrin möhkəmlənməsində əvəzsiz rolu olduğunu xüsusi vurğulayıb. Söhbət zamanı İcra başçısı hörmətli qonağa torpaqların işğaldan azad olunması ilə başa çatmış 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən və pandemiya şəraitinə baxmayaraq rayonun sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən tədbirlər və quruculuq-abadlıq işləri barədə geniş məlumat verib. Səmimi qəbula görə İcra başçısına təşəkkürünü çatdıran Montereyli qonaq Azərbaycanda əldə olunan nailiyyətlərin uğurla həyata keçirilən siyasətin bəhrəsi olduğunu və hər dəfə səfərə gələrkən çoxlu yeniliklər gördüyünü və bu yeniliklərə ürəkdən sevindiyini dilə gətirib. O, Azərbaycanda baş verən hadisələri, xüsusilə 44 günlük Vətən müharibəsinin gedişatını diqqətlə izlədiklərini, şəhər və kəndlərin işğaldan azad olunması barədə informasiyaları sevinc hissi ilə qarşıladıqlarını və çoxlu qurbanların olmasına baxmayaraq bu tarixi qələbəni Azərbaycan xalqının qəhrəmanlıq mübarizəsi kimi səciyyələndirdiklərini qeyd edərək şəhidlərin ruhuna rəhmət diləyib. Görüşün sonunda qonağa Lənkəran rayonunda istehsal olunan “Qarabağ” çay kolleksiyası hədiyyə olunub.
Qəbuldan sonra xanım Nensi Selfric Lənkəran şəhərinin görməli yerlərinə, Tarix diyarşünaslıq müzeyinə, Əsgər Əliyev adına parkına, Həzi Aslanov parklarına və abidəsinə, Qala xiyabanına baş çəkib, yeniliklərlə yerindəcə tanış olub. Montereyli qonaq səfər proqramı çərçivəsində Lənkəran Şəhidlər Xatirə Abidə Kompleksini, Azərbaycanlıların soyqırımı parkındakı “Ana” abidəsini ziyarət edib önlərinə tər çiçəklər düzüb. Sonra o, Lənkəran Dövlət Universitetində olub rektor, müəllim və tələbələrlə görüşüb Monterey Yarımada Kolleci ilə tələbə-müəllim mübadiləsi məsələlərini müzakirə edib. Qonaq eyni zamanda xalçaçılıq müəssisəsində, karamel fabrikində, hallobonq sitrus bağında və “Yaşıl çay” fermer təsərrüfatlarında olub görülən işlərlə tanış olub.