“EU4Lankaran” layihəsinin rəsmi açılış mərasimi olub.
Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov layihənin rayon üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, bu, iqtisadiyyatın şaxələndirilməsində vacib rol oynayacaq.
"EU4Lankaran" layihəsi Lənkəran-Astara iqtisadi regionuna və yerli icmalara bütün regionda meyvə-tərəvəz sektorunun səmərəli və davamlı, ekoloji təmiz və iqlim dəyişikliyinə davamlı həllində Avropa İttifaqının hərtərəfli dəstəyini təmin edir.
Proqramın əsas məqsədi regional ərazi planlaşdırma sisteminin yaxşılaşdırılması, yerli iqtisadi və ictimai əməkdaşlıq mərkəzlərinin yaradılması və müasirləşdirilməsi, meyvə və tərəvəz sektoru üzrə Lənkəran-Astara iqtisadi rayonunda sahibkarlıq və investisiya şəraitinin yaxşılaşdırılmasıdır.
Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Lənkəran-Astara iqtisadi rayonunda inkişafın ölkə iqtisadiyyatı üçün vacibliyini vurğulayaraq deyib: “Mən belə bir proqramın icrasına görə çox şadam. Çünki Aİ regional inkişaf proqramlarında iqlim dəyişikliyinə və yaşıl iqtisadiyyata davamlılığı baxımından Azərbaycanla ən yaxşı təcrübələrini bölüşür”.
Səfir, həmçinin qeyd edib ki, bu layihə Aİ ilə Azərbaycanı daha da yaxınlaşdıracaq. “Lənkəranın inkişafı üçün bir sıra imkanlar var. Aİ də bu imkanların reallaşmasına dəstək göstərməyə hazırdır. Çalışacağıq ki, kənd təsərrüfatını inkişaf etdirib, məhsuldarlığı artırıb beynəlxalq bazarlara çıxışı təmin edək. Qeyri-neft sektoru, kiçik və orta sahibkarlığın inkişafı bizim üçün prioritetdir və Azərbaycana bu sahədə hər zaman kömək etməyə çalışmışıq. Azərbaycan kimi tərəfdaşlarla əməkdaşlıq bizim üçün çox vacibdir", - deyə səfir vurğulayıb.
İqtisadiyyat nazirinin müavini Elnur Əliyev layihənin əhəmiyyətini qeyd edib, Azərbaycanla Aİ arasında geniş əməkdaşlıq potensialının olduğunu bildirib.
Tədbirdə, həmçinin “Lənkəran-Astara iqtisadi rayonuna Aİ dəstəyi” adlı texniki yardım layihəsinin, “Azərbaycanda sanitariya və fitosanitariya (SFS) tədbirlərinin gücləndirilməsi” adlı tvininq layihəsinin, “Lənkəran-Astara iqtisadi regionda meyvə-tərəvəz sektorunda rəqabət qabiliyyətinin əməkdaşlığın və müasirləşmənin təşviqi” adlı qrant layihəsinin təqdimatı keçirilib.
Qeyd edək ki, Lənkəran-Astara iqtisadi zonasını əhatə edən layihənin ümumi dəyəri 27 milyon manatdır və 2024-cü ilin sonuna kimi davam edəcək.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko Lənkəran Dövlət Universitetində tələbələrlə görüşüb, onlara Avropa ölkələrinin müasir ali təhsil ocaqlarında olan təhsil proqramları haqqında məlumat verib. Tələbələrin bu proqramlardan istifadə edə biləcəklərini vurğulayıb.