Avropa İttifaqının nümayəndəsi Lənkəran şəhərində olub
30 noyabr 2021-ci il tarixdə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Lənkəran şəhərində işgüzar səfərdə olub. Səfər zamanı səfir ilk öncə Lənkəran ŞİH başçısı Taleh Qaraşovla görüşüb söhbət etmişdir. Söhbət zamanı səfiri salamlayan İcra başçısı Avropa İttifaqı ilə Azərbaycanın sıx əməkdaşlıq etdiyini qeyd edərək bu əlaqələrin hər iki tərəf üçün faydalı olduğunu bildirib. İcra başçısı Avropa İttifaqına daxil olan dövlətlərin səfirlərinin “Avropa günü”nü Lənkərənda keçirmələrinin buna parlaq misal olduğunu, bunun ilk belə beynəlxalq əhəmiyyətli tədbir kimi Lənkəranın tarixinə düşdüyünü və unudulmaz xoş məramlı hadisə kimi hər bir lənkəranlının yaddaşında dərin iz buraxdığını xüsusi vurğulayıb. Lənkəran şəhərinin tarixi, coğrafi mövqeyi, ümumilikdə rayonun sosial-iqtisadi və mədəni həyatı ilə bağlı qonağa məlumat verən İcra başçısı, həm də, rayonun iqtisadi potensialı, sosial-iqtisadi inkişaf sahəsində həyata keçirilən tədbirlər, aparılan davamlı quruculuq-abadlıq işləri barədə də ətraflı danışıb. Rayonda sahibkarlığın inkişafı üçün geniş imkanların olduğunu qeyd edən İcra başçısı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində müxtəlif sahələrə aid qarşılıqlı əlaqələrin qurulmasının səmərəsini və bunun üçün rayonda geniş imkanların olduğunu dilə gətirib.
Lənkərana səfərindən məmnunluğunu ifadə edən səfir Avropa İttifaqı ilə Azərbaycan arasında çox güclü əməkdaşlığın olduğunu qeyd edib. O, Azərbaycanda diplomatik fəaliyyətinə yenicə başladığını, mərkəzi hakimiyyət orqanları ilə yanaşı, regional qurumlarla da görüşməyə diqqət yetirdiyini qeyd edib. Avropa İttifaqı ölkələri üçün xüsusi önəm daşıyan “Avropa Günü” bayramının ilk dəfə Bakıdan kənarda- Lənkəranda təşkil edildiyini dilə gətirən səfir qarşıdakı illərdə də Lənkəran şəhərində böyük layihələrin həyata keçiriləcəyini, Aİ-nin Lənkəranda bu gün rəsmən açılışını edəcəyi "EU4Lankaran" layihəsinin 2024-cü ilin sonuna kimi davam edəcəyini qeyd edib. Sözügedən layihə biznes, kənd təsərrüfatı və mədəniyyət sahəsi üzrə dəstək tədbirlərini nəzərdə tutur. Azərbaycan xalqının qonaqpərvərliyindən məmnun qaldığını bildirən səfir səmimi görüşə görə İcra başçısına minnətdarlığnı çatdırıb.
Görüşün sonunda qonağa Lənkəranda istehsal olunmuş ən yüksək keyfiyyətli “Qarabağ” çay kolleksiyası hədiyyə olunub.