Heç kim unudulmur, heç nə yaddan çıxmır
Prezident İlham Əliyevin Ali Baş Komandalığı ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə ən yeni tariximizin şanlı səhifəsi kimi xalqımıza qürur verir. Vətən müharibəsindəki tarixi qələbədən bir il ötsə də, o tarixi anlar, döyüşlər vaxtı düşmən qüvvələrinin darmadağın edilməsi, şəhərlərimizin, kəndlərimizin işğaldan azad olunması barədə cəbhədən gələn ardıcıl sevindirici xəbərlər, şəhid və yaralılarımızla bağlı kədərli anlar heç vaxt unudulmur, yaddan çıxmır. Müharibədən ötən müddət ərzində ölkə Prezidentinin tapşırığı ilə bütün şəhidlərin xatirəsinin anılması ilə bağlı tədbirlər keçirilir, şəhid ailələrinin və qazilərin sosial-məişət qayğıları həll olunur. Vətən torpaqları uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi ilə bağlı konkret əməli işlər görülür. Bütün bu tədbirlər Lənkəran rayonunda da davamlı olaraq icra olunur. Rayonda şəhid-ailələrinin və qazilərin maddi-məişət məsələləri həll olunur, yerlərdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə abidə kompleksləri, şəhid bulaqları qurulur.
Noyabrın 5-də rayonun Gəgiran və Biləsər kəndlərində şəhid Mirzəyev Rasim Fətta oğlu və şəhid Hadiyev Raqim Teymur oğlunun adına tikilmiş daha iki bulağın açılışı olub. Bu münasibətlə keçirilən mərasimlərdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra aparatının rəsmi şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. İcra başçısı açılış mərasimlərində çıxış edib 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun düşmən üzərində çaldığı qələbənin tarixi əhəmiyyətini xüsusi vurğulayaraq məhz xalqımızın Ali Baş Komandan kimi ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməsinin rəşadətli Ordumuzun gücünü-qüdrətini daha da artırdığını, düşmənin darmadağın edilməsini sürətləndirdiyini və uzun illər işğal altında qalmış torpaqlarımızın azad olunmasına əlverişli imkanlar yaratdığını qeyd edib. Natiq hər bir vətənpərvər gənc kimi lənkəranlı, o cümlədən Lənkəran rayonunun Gəgiran, Biləsər və Alazəpin kəndlərindən olan gənclərin də döyüşlər zamanı qəhrəmancasına vuruşaraq düşmənə sarsıdı zərbələr vurmuş igidlər olduğunu, onların bu qəhrəmanlığının heç vaxtı unudulmayacağını və daim xatırlanacağını söyləyib. İgid övladlar tərbiyələndirib Vətənə xidmətə yola salmış valideynlərə dərin təşəkkürünü çatdıran İcra başçısı xalqımızın onlarla fəxr edib qürur duyduğunu bildirib. İcra başçısı hər iki mərasimdəki çıxışının sonunda 8 Noyabr-Zəfər günü münasibətilə şəhid ailələrini, qaziləri və mərasim iştirakçılarını təbrik edib xoş diləklərini çatdırıb.
Mərasimlər zamanı Gəgiran kənd sakini, şəhid atası Fəttah Heydərov, Alazəpin kənd sakinləri şəhid atası Teymur Hadiyev, şəhid anaları Nəzakət Hadiyeva, Ənbərnizə Muradova, kənd ağsaqqalları və fəallar şəhidlərinin Vətən qarşısındakı xidmətlərinə verilən yüksək qiymətə, onların xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinə göstərilən əvəsziz qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya ən səmimi minnətdarlıqlarını çatdırıblar.
Həmin gün Darquba, Ürgə, Gəgiran və Alazəpin kəndlərində Vətən müharibəsində qəhramancasına həlak olan şəhidlərimiz Cəfərzadə Eşqin Hamlet oğlu, İbadzadə Zabil Fİkrət oğlu, Mirzəyev Rasim Fətta oğlu və Hadiyev Raqim Teymur oğlunun il mərasimləri keçirilib. İcra başçısı və qonaqlar şəhid məzarlarını ziyarət edib, üzərilərinə tər çiçəklər düzməklə bir daha ehtiramlarını ifadə ediblər. Sonra cəmi şəhidlərin ruhlarına dualar oxunulub.